Məhkəmə qərarları › İş №3(060)-1968/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1968/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1968/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Xəlilova (Rzayeva) Aysel Veysəl qızının, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3. müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 16 avqust 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 823/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs yaranmış 3.250,00 manat aliment borcunu üzürsüz səbəbdən ödəməkdən yayınmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 16 avqust 2023-cü il il tarixə təyin edilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, qeyd olunan icra vərəqəsi icra məmuru Orxan Məmmədovun icraatındadır, borclu axtarış qərarı nəticəsində tutularaq icra idarəsinə gətirildiyindən və icra məmuru Orxan Məmmədov hal-hazırda əmək məzuniyyətində olduğundan borclu barəsində protokol tərtib olunub məhkəməyə təqdim olunması ona həvalə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 823/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay iki uşağın saxlanması üçün 200,00 manat məbəğində aliment və uşaqlardan biri üç yaşına çatana qədər hər ay 50,00 manat, cəmi 250,00 manat tutularaq tələbkar Xəlilova (Rzayeva) Aysel Veysəl qızına ödənilməlidir. Borclu qeyd olunan aliment borcundan hər ay mütamadi olaraq 200,00 manat aliment ödəniş etmiş, hazırda yığılan aliment borcunun səbəbi borclunun ödənişi kəsirlə ödəməsi olmuşdur. Daha əvvəl borclu barəsində İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda uşaqlardan biri üç yaşına çatana qədər tələbkar üçün hər ay 50,00 manat ödəməsi başa çatmış, lakin buna baxmayaraq borclu şəxs xx.xx.2023-cü il tarixdən bu günə qədər hər ay 250,00 manat aliment ödənişləri edərək yığılmış aliment borcundan da ödənişlər etməkdədir. Borclunun rəsmi iş yeri mövcuddur, lakin alimentin tutulması onun əmək haqqına yönəldilməmişdir. Hal-hazırda aliment borcu 3.250,00 manat təşkil edir və tələbkar qeyd olunan aliment borcunu tam olaraq ödənilməsini tələb edir. Qeyd olunanların nəzərə alınaraq borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxır. İcra sənədi üzrə tələbkar Xəlilova (Rzayeva) Aysel Veysəl qızı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay iki uşağın saxlanması üçün 250,00 manat məbəğində aliment tutularaq ona ödənilməlidir. Borclu hər ay 200,00 manat aliment ödəmişdir, alimenti 50 manat kəsirlə ödədiyinə görə hazırda aliment borcu 3.250,00 manat təşkil edir. Yığılmış aliment borcunun tam ödənilməsini tələb edərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ondan hər ay iki uşağın saxlanması üçün 200,00 manat məbəğində aliment və uşaqlardan biri üç yaşına çatana qədər hər ay 50,00 manat, cəmi 250,00 manat tutularaq tələbkar Xəlilova (Rzayeva) Aysel Veysəl qızına ödənilməlidir. O, qeyd olunan aliment borcundan hər ay mütamadi olaraq 200,00 manat aliment ödəniş etmiş və 50,00 manat ödənişini isə icra etməmişdir. Bu səbəbdən də alimen borcu yaranmışdır. Daha əvvəl onun barəsində İXMnin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Tələbkarlın istəyinə əsasən o hər ay xx.xx.2023-cü il tarixdən bu günə qədər 250,00 manat aliment ödənişləri edərək yığılmış aliment borcundan da ödənişlər etməkdədir. Onun rəsmi iş yeri mövcuddur, lakin alimentin tutulması onun əmək haqqına yönəldilməmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, borclu Şəxs qeyd olunan icra sənədində göstərilən məbləğdən xx.xx.2023-cü il tarixdən bu günə qədər hər ay 200,00 manat aliment ödənişləri və yığılmış aliment borcundan da 50,00 manat ödənişlər etməkdədir. Yəni Şəxs hər ay tələbkara ödəniş etmişdir. Bundan başqa Şəxs rəsmi iş yeri var, o əmək haqqı alır, icra məmuru tərəfindən məcburi icra hərəkətləri tam həyata keçirilmədən protokol tərtib edilib. Göstərilənlər məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar