Məhkəmə qərarları › İş №3(060)-1969/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1969/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1969/2023 30.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Naxçıvan MR doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar Ə/D, Qarabağlar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polisi İdarəsinin İ tağım YPX-nin inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “İveco Stralis yük” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi halına yol vermişdir. Nəticədə İXM-nin İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 12 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 30 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokol tərtib etmiş orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə saat 07:30da Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 30-cu km-də yolun hərəkət hissəsinin sağ zolağı ilə saatda 50-60 km sürətlə Quba istiqamətində hərəkətdə olarkən qarşısındada hərəkət edən “Qazel” markalı avtomobil əyləcə basdığından o da həmin vaxt avtomobilinin əyləcinə basmış və bu zaman avtomobil sürüşməyə başlamış, idarəetməni itirmiş və avtomobil yolun hərəkət hissəsindən çıxaraq aralıda dayanan "Hyundai Hd72" avtomobilə və onun yanında dayanmış "X7” ** CN *** dövlət qeydiyyat nişanlı, "Sehmitz Ski" markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinə dəymişdir. O, avtomobildən düşərək "Hyundai Hd72" markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücüyə yaxmiaşmış və onun xəsarət aldığını görmüşdür. Hadisə yerinə polis əməkdaşları və tibb işciləri gəlmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 1126 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gicgah, sağ təpə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları və döş qəfəsinin ön səthinin geniş ölçülü qançırı aşkar olunmuşdur. Həmin xəsarəf bərk küt əşyanın təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş Yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat ,öbəsinin müstəntiqi, polis kapitanı X2 qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 30-cu km-də idarə etdiyi “İveco” markalı ** JG *** dövlət qeydiyyat nişanlı, “Seymak” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Quba istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi dayanmış vəziyyətdə olan “Hyundai Hd72” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobil və X4 idarə etdiyi dayanmış vəziyyətdə olan “X7” ** CN *** dövlət qeydiyyat nişanlı, “Schmitz Ski” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə toqquşmuş, toqquşma zamanı “Hyundai Hd72” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobil “Favorit Petrol” YDM-nə dəymiş və nəticədə sürücü Zərərçəkmiş şəxs sol gicgah, sağ təpə nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları və döş qəfəsinin ön səthinin geniş ölçülü qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan cinayət işinin istintaq materialları üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 327.8-cü maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Zərər şəkmiş şəxsə izah olunur ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmməddov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar