Məhkəmə qərarları › İş №3(060)-1969/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1969/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1969/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X7 onun idarə etdiyi avtomobili saxlamış, təxminən 500-800 metr arxada, yəni Sumqayıt şəhəri, Koroğlu küçəsində Səməd marketin yanında işıqforda kameranın altında yol hərəkəti qaydalarını pozduğunu və həmin ərazidə kamera görüntüsü olduğunu bildirmiş, daha sonra onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. O, polis əməkdaşından nə üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmasını soruşmuş, polis əməkdaşı isə guya onun İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğunu, yəni əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə etdiyini və kamera görüntüsünün olduğunu bildirmişdir. O, polis əməkdaşının dediklərinə etiraz edərək sonuncuya kamera görüntüsünü görmək istədiyini bildirmişdir. Lakin, polis əməkdaşı heç bir görüntü təqdim etməmiş, onun barəsində elektron protokol tərtib etmiş, daha sonra ona protokoldan şikayət etmə və kamera görüntüsünü görmək hüququnun olduğunu söyləmişdir. Elə həmin gün o, “asanpay” saytı vasitəsilə protokoldan şikayət etmiş və onun iştirakı ilə kamera görüntüsünə baxılaraq qərar verilməsi üçün müraciət etmişdir. Ümumiyyətlə o, əgər inzibati xəta haqqında protokolla razılaşmasa onun barəsində inzibati xəta haqqında qərar qəbul edilə bilməz və ona cərimə tətbiq edilə bilməz. DYP əməkdaşı işə baxılması üçün yuxarı səlahiyyətli orqana konkret olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərməli idi. İndiki halda DYP əməkdaşı o, etiraz etdiyi halda ona cəriməni tətbiq etməsi və işə baxılması üçün yuxarı səlahiyyətli orqana göndərilməməsi tamamilə qanunsuzdur. Şikayətdən sonra xx.xx.2025 ci il tarixində onun e-mail ünvanına Baş Dövlət Yol Polisi idarəsindən 3-13-16/2-H- 1154xx/xx/2025 nömrəli cavab məktubu gəlmişdir. Məktubun əsli Sumqayıt Şəhər Polis İdarəsininə surəti isə ona göndərilmişdir. Məktubda müraciət araşdırılmalı, müvafiq tədbir görülməli və nəticəsi barədə 10 gün müddətində BDYPİ-nə və vətəndaşa məlumat verilməsi göstərilmişdir. Bundan sonra o, artıq müraciətinin qeydə alındığını və araşdırılacağına arxayın olmuş və Sumqayıt şəhəri Dövlət Yol Polisi Şöbəsinə dəvət olunacağını gözləmiş və poçta da məktub olub-olmasını mütəmadi yoxlamışdır. Ancaq gözlədiyi kimi olmamışdır. Müraciətinə baxmaq üçün çağırılmamış və xx.xx.2025-ci il tarixində artıq cəriməyə dəbbə pulu hesablanması barədə sms gəlmişdir. Daha sonra o, müraciətin statusunu yoxlamaq üçün Sumqayıt Şəhər Polis şöbəsinin dəftərxanasına zəng etmişdir. Zəngə cavab verən şəxs həmin cavab məktubunu elə həmin tarixdə, yəni xx.xx.2025 ci il tarixində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinə yönləndirildiyini və Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin dəftərxanasına zəng etməsi üçün nömrə vermişlər. Səhəri gün o, xx.xx.2025-ci il tarixində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin dəftərxanası ilə əlaqə saxlamış və müraciətinin nə üçün araşdırılmadığını soruşmuşdur. Bu zaman ona 2-ci otağa yaxınlaşmalı olduğunu söyləmişlər. Elə həmin gün o, saat 17:00-da Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin 2-ci otağına yaxınlaşmış, təxminən 30-40 dəqiqəlik araşdırmadan sonra görüntünün axtarıb tapılması üçün daha 30 dəqiqə vaxt lazım olduğu üçün ona sabah təkrar gəlməyini söyləmişlər. Səhərisi gün xx.xx.2025 ci il tarixində yenidən 2-ci otağa yaxınlaşmış və orada adını bilmədiyi polis mayoru və baş serjant X9 qəbul etmişdir. Lakin, onlar heç bir görüntünün olmadığını ona bildirmişlər. Əgər narazılığı varsa protokoldan məhkəməyə müraciət edə biləcəyini bildirmişlər. Müraciətinin Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin dəftərxanasına 1 ay qabaq daxil olmasına baxmayaraq onu nə telefonla, nə də ki, rəsmi bildirişlə müraciətə baxılması üçün çağırmamışlar. Görüntünün olmamasına da səbəb kimi onun gec gəlməsi ilə əlaqələndirmişlər. O, tələb etməsinə baxmayaraq ona inzibati tənbeh vermə haqqında qərar təqdim olunmamışdır. Səhəri gün o, xx.xx.2025-ci il tarixində 102 qaynar xəttinə zəng etmiş, bütün bu baş verənləri olduğu kimi anlatmış və ona məhkəməyə müraciət üçün qərarın verilməsinin vacib olduğunu söyləmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə ona zəng gəlmiş, Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin 5-ci otağına yaxınlaşmalı olduğunu demişlər və elə həmin gün 5-ci otağa yaxınlaşmışlar. Onu dinlədikdən sonra araşdırma üçün 2-ci otağa getmişlər, görüntünün olmadığını bildirmişlər. Eyni zamanda məhkəməyə müraciət edə bilməsi üçün inzibati tənbeh vermə qərarı xx.xx.2025 -ci il tarixinə ona təqdim etmişlər. Hesab edir ki, hadisə yerinin kamera görüntüsü tələb olunmalı, kamera görüntüsünə baxılmalı və barəsində obyektiv qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətinin mahiyyətinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X7 bildirmişdir ki, X4 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə əməliyyatını yeirnə yetirdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sürücü yerində kamera görünüsü tələb etdikdə isə yaxınlaşıb DYPŞ-də görüntülərə baxa biləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, hazırda bir aydan artıq müddət keçdiyi üçün video görüntülər qalmamış və onu məhkəməyə təqdim edə bilmir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 20:30-da “BMW X5 XDRİVE40E HİBRİD” minik markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Koroğlu küçəsində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarını pozmuş, buna görə də Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt ŞPİ-yə ünvanladığı 17 iyun 2025-ci il tarixli məktubdan görünür ki, X2 Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı müraciəti baxılması üçün aidiyyəti üzrə Sumqayıt ŞPİ-yə göndərilmiş, müraciət daxil olduqdan sonra 10 gün müddətində araşdırmanın nəticəsi barədə Dövlət Yol Polisi İdarəsinə bə vətəndaşa cavab verilməsi xahiş edilmişdir. Göründüyü kimi X3 istinad edilən inzibati xəta hadisəsinin törədilməsi ilə bağlı qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş və sübutun təqdim edilməməsinin səbəbi kimi hadisədən bir aydan artıq müddət keçməsi, ona görə də video görüntülərin qalmaması göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı X2 hadisədən dərhal sonra Baş Dövlət Yol Polisi İdarəsinə şikayətlə müraciət etməsi və həmi şikayətin araşdırılması üçün Sumqayıt ŞPİ-yə göndərildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X4 hadisədən dərhal sonra Baş Dövlət Yol Polisi İdarəsinə şikayətlə müraciət etdiyi və həmin müraciəti araşdırılması üçün Sumqayıt ŞPİ-yə göndərildiyi üçün istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən video görüntülər olduğu halda araşdırılaraq müraciətə müvafiq cavab verilməli və həmin video görüntülər saxlanılmalı idi. Məhkəmə qeyd edir ki, qanunverilciyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirsiz hesab edilir, şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı hazırda mübahisəndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə heç bir sübut məhkəməyə təqdim edilmədiyi üçün X3 istinad edilən inzibati xəta üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı iddia edilən inzibati xəta hadisəsi sübuta yetirilmədiyindən ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar