Məhkəmə qərarları › İş №3(060)-1977/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1977/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1977/2023 13.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqqyıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt Bələdiyəsinin sədri vəzifəsini icra edən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunan materiala Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi (bundan sonra mətndə SRƏİ) tərəfindən Sumqayıt Bələdiyəsinin sədri vəzifəsini icra edən Şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 549.1-ci maddəsinə əsasən 15 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt Bələdiyəsi tərəfindən xx.xx.2023-cü il tarixli 11 saylı iclas protokolun 01, 02 və 04 saylı qərarları üzrə təsdiq edici alt sənədlərin göndərilməməsi müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 17 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 01 sentyabr 2023-cü il tarixə təyin olunmuşdur, sübutların təqdim olunması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasına gəlmədiyindən işin baxılması 13 sentybar 2023-cü il tarixə təxirə salınmışdır. 13 sentybar 2023-cü il tarixli məhkəmə iclası barədə vəzifəli şəxs Şəxs xəbərdar edilməsinə baxmayaraq özünün və nümayəndəsinin iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında SRƏİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, İXM-nin 549.1-ci maddəsi ilə porotokol tərtib olunmasına əsas odur ki, 1, 2 və 4 saylı qərarlar mövcud olsa da sözügedən qərarlarla maliyyə vəsaitlərinin ayrılmasını zəruri edən müvafiq təsdiqedici sənədlər (smeta, qüsur aktı, müvafiq tenderin keçirilməsini təsdiq edən sənəd, müqavilə, şəxsin maddi yardıma ehtiyacını təsdiq edən müayinə aktı, sağlamlıq haqqında arayış və.s) Sumqayıt Regional Ədliyyə İdarəsinə təqdim edilməmişdir. Buna görə də Sumqayıt Regional Ədliyyə İdarəsi hesab etmişdir ki, Sumqayıt Bələdiyəsinin sədri vəzifəsini icra edən Şəxs vəzifəli şəxs olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Sumqayıt Regional Ədliyyə İdarəsinə araşdırmaların aparılmasına maneçilik törətmişdir. Sumqayıt Regional Ədliyyə İdarəsinin nümayəndəsi izahatında həmçinin bildirdi ki, Sumqayıt Bələdiyəsi tərəfindən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində nəzərdə tutulan mütləq təqdim olunmalı bələdiyyə aktı Sumqayıt Regional Ədliyyə İdarəsinə təqdim olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, SRƏİ tərəfindən Sumqayıt Bələdiyəsinin sədri vəzifəsini icra edən Şəxs barəsində 15 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 549.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Sumqayıt Bələdiyəsinin sədri vəzifəsini icra edən Şəxs tərəfindən imzalanaraq məhkəmənin dəftərxanasına təqdim olunmuş və hazırki işə əlavə olunmuş etirazda qeyd olunur ki, vəzifəli şəxs Şəxs barəsində tərtib olunmuş 15 avqust 2023-cü il tarixli, MN №1063348 saylı protokolu əsassız hesab edərək qeyd edir ki, SRƏİ-nin rəisi E.Məmmədov tərəfindən 01 avqust 2023-cü il tarixli, 05/537 saylı məktubda qeyd edilən tövsiyənin 5 iş günü ərzində yerinə yetirilməməsi səbəbindən Sumqayıt Bələdiyyəsinin rəhbəri olaraq barəsində protokol tərtib edilmişdir. Halbu ki, sözügedən məktubda Sumqayıt Bələdiyyəsinin 18 iyul 2023-cü il tarixli, 11 saylı iclasının 01, 02 və 04 saylı qərarlarına aid müvafiq sənədlərin 5 iş günü müddətində SRƏİ-nə təqdim edilməsi, təqdim edilmədiyi halda isə ləğv edilməsi təklif edilmişdir. Bu təklif tövsiyə şəklində Sumqayıt Bələdiyyəsinə ünvanlandığından həmin təklifin bələdiyyənin növbədənkənar icasına çıxarılmasına zərurət yaranmışdır. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciət 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyaya keçirən orqana məlumat verilir. Sözü gedən qanun normasına əsasən SRƏİ-nin E.Məmmədov təəfindən bələdiyyəyə ünvanlanmış 01 avqust 2023-cü il tarixli 05/537 saylı məktubda göstərilmiş tövsiyə 5 iş günü müddətində, yəni 08 avqust 2023-cü il tarixdə Sumqayıt Bələdiyyəsinin iclasına çıxarılmış və bu məsələ ilə bağlı bələdiyyənin həmin tarixli 12 saylı iclasının 3 saylı qərarı qəbul edilmişdir ki,həmin qərarla da tələb olunan SRƏİ-nə təqdim edilməsi qərara alınmışdır. Adı çəkilən qərar və tələb olunan sənədlərin nüsxələri də 16 avqust 2023-cü il tarixli, 2278 saylı məktubla SRƏİ-nə təqdim olunmuşdur. Göründüyü kimi, SRƏİ-nin sözügedən tövsiyəsi qanunla müəyyən edilmiş müddətdə bələdiyyə iclasına çıxarılaraq həll edilmişdir. Texniki səbəblərdən həmin sənədlər müəyyən edilmiş müddətlərdə adı çəkilən quruma bir qədər gec çatdırılmışdır ki, bu da barəsində protokolun tərtib edilməsi üçün əsas sayıla bilməz. Sadəcə olaraq SRƏİ gözdən pərdə asmaq və guya vəzifəsini yerinə yetirdiyi görünüşü yaratmaq, eləcə də Sumqayıt Bələdiyyəsinə qarşı olan qərəzli münasibəti səbəbindən əsassız olaraq bələdiyyənin rəhbəri olaraq törədilməsində təqsirkar olmadığını inzibati xətaya görə məni məsuliyyətə cəlb etməyə cəhd göstərmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz. İnzibati nəzarət həyata keçirilərkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar-5.0.1.bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda yaranır. Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 01 avqust 2023-cü il tarixli, 05/537 saylı tövsiyə məktublarında əks olunan hallar inzibati nəzarətin başlanılması üçün əsas sayıla bilməz, çünki həmin hallar “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmiş əsaslara aid deyildir. İş materialında olan SRƏİ tərəfindən Sumqayıt Bələdiyəsinə ünvanlanmış 01 avqust 2023-cü il tarixli 05/537№-li təklifdən görünür ki, Sumqayıt bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 11 saylı iclas protokolunda göstərilən bələdiyyə aktlarına (qərarlarına) inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Bələdiyyə iclasının 01, 02 və 04 saylı qərarları ilə bələdiyyə büdcəsindən müxtəlif məqsədlər üçün maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulmuşdur. Lakin sözügedən qərarlara maliyyə vəsaitlərinin ayrılmasını zəruri edən müvafiq təsdiqedici sənədlər (smeta, qüsur aktı, müvafiq tenderin keçirilməsini təsdiq edən sənəd, müqavilə, şəxsin maddi yardıma ehtiyacını təsdiq edən müayinə aktı, sağlamlıq haqqında arayış və.s) təqdim edilməmişdir. Maliyyə vəsaitlərinin ayrılmasını təsdiq edən Sumqayıt bələdiyyəsinin 01, 02 və 04 saylı qərarlarına aid müvafiq sənədlər 5 (beş) iş gün müddətində SRƏİ-nə təqdim edilsin, təqdim edilmədiyi təqdirdə ləğv edilməsi fəklif olunmuşdur. İş materialında olan Sumqayıt Bələdiyəsi tərəfindən SRƏİ-nə ünvanlanmış 01 avqust 2023-cü il tarixli, 05/537№ məktubdan görünür ki, Sumqayıt Bələdiyəsinin xx.xx.2023-cü il tarixli 11 saylı iclas protokoluna inzibati nəzarət icraatı qaydasında baxılmasının nəticələri barədə xidməti məktublarına müvafiq olaraq maliyyə vəsaitlərinin ayrılmasını təsdiq edən Sumqayıt Bələdiyyəsinin 01, 02 və 04 saylı qərarlarına bələdiyyənin 08 avqust 2023-cü il tarixli (protokol №12) iclasında baxılmışdır. Sumqayıt Bələdiyyəsinin iclasında qəbul olunmuş həmin qərarıSRƏİ-nə göndərilməsi qeyd olunmuşdur. SRƏİ məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 05/689 saylı məktubunda qeyd edir ki, hazırki 3(060)-1977/2023 saylı iş üzrə tərtib edilmiş MN № ******* saylı inzibati protokolun müəyyən edildi hissəsinə dəqiqləşdirmə verərək bildirilir ki, Sumqayıt bələdiyyəsi 11 saylı iclas protokolunun 01, 02 və 04 saylı qərarları üzrə təsdiq edici sənədləri (alt sənədləri) 5 (beş) iş günü müddətində təqdim etməmiş, inzibati araşdırmanın aparılması müddətini gecikdirərək inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 4.17-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 150.11-ci maddəsinin altıncı cümləsində, 150.13-cü maddəsinin dördüncü cümləsində, 154.1-1-ci maddəsində (ikinci halda), 528-1.1-ci maddəsində, 580-ci maddəsində, 581-ci maddəsinin adında və mətnində, 602.2.1, 602.2.2, 602.2.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı”, 549-cu maddəsində isə “bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan” dedikdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində nəzərdə tutulan mütləq təqdim olunmalı bələdiyyə aktı Sumqayıt Regional Ədliyyə İdarəsinə təqdim olunmuşdur. Sumqayıt Bələdiyəsi tərəfindən xx.xx.2023-cü il tarixli 11 saylı iclas protokolun 01, 02 və 04 saylı qərarları üzrə təsdiq edici alt sənədlərin göndərilməməsi isə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsi kimi qiymətləndirilə bilməz. Yəni, qeyd edilən məsələ İXM-in 549.1-ci maddəsinin tərkibini yaratmır. Beləliklə, Şəxs İXM-in 549.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 549.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində 15 avqust 2023-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar