Məhkəmə qərarları › İş №3(060)-1982/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1982/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1982/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X7 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs - X4 və onun etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə rəisi Kamran Hümbətovun iştirakları ilə, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 05.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X12 oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X1 Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin MN ******* saylı, 05.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər 08.06.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X14 bildirdi ki, Sumqayıt şəhər Pİ 4-cü PB 07.05.2021-ci il tarixli protokol tərtib etmişdir ondan ötrü ki, guya X2 olduğu istehsalat sahəsində epidemiya, gigiyena və karantın tələbləri pozulmuşdur. Bundan sonra 4-cü PB-nin rəisi 05.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib edərək onun AR İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 5000 manat cərimə etmişdir. Həm protokol, həm də qərarla aşağıdakılara əsasən razılaşmır. Protokol qanunun tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, protokoldan görünür ki, guya inzibati xəta 22.05.2021-ci il tarixində törədilmişdir. Amma protokoldakı tarix 07.05.2021-ci il tarixədir. Hətta burada texniki səhv olaraq 5-ci ay əvəzinə 6-cı ay göstərilməli idisə də, yenə də protokol qanun pozuntusu ilə tərtib edilmişdir. Belə ki, AR İXM-nin 101.1 maddəsinə əsasən, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməlidir. Həmin protokoldan isə görünür ki, polis guya inzibatı xəta faktını 22.05.2021-ci ildə aşkar etmiş, protokolu isə 07.06 2021-ci il tarixdə (protokolda 07.05.2021 göstərilib) tərtib etmişdir. Bu fakt protokolun qanunsuz tərtib edildiyini, tarixlərin saxtalaşdırıldığını sübut edir və ləğvi üçün əsasdır. Bundan əlavə, həmin protokol X4 iştirakı olmadan tərtib edilib və ona bu barədə hər hansı bir bildiriş və ya protokolun surəti göndərilməmişdir. X3 “asan pay” sistemi ilə ona göndərilmiş məlumatdan 5000 manat cərimə olunduğunu bilmiş, polis bölməsinə gedərək protokol və qərarın surətini əldə etmişdir. Odur ki, inzibati iş üzrə şübhə doğuran halların çox olmasını nəzərə alaraq Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 05.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi Məhkəmə iclasında çıxış edən şikayətçi X5 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun qanunsuz və əsassız tərtib olunduğunu, həmçinin reyd zamanı əməkdaşların böyük əksəriyyəti maskadan istifadə etməmişlərsə, belə olan halda həmin əməkdaşların niyə fərdi qaydada məsuliyyətə cəlb olunmamasının sual doğurduğunu, müəssisənin özünün dezinfeksiya edici məhsullar istehsalı ilə məşğul olduğunu nəzərə alaraq şikayətinin təmin olunmasını və Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 05.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin sahə rəisi Kamran Hümbətov bildirdi ki, 22.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Kotec qəsəbəsində yerləşən yuyucu vasitələrin istehsalı müəssisəsinin həyətində epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimlərinin tələblərinin pozulması, fərdi qoruyucu vasitələrdən istifadə olunmaması, dezinfeksiyaedici məhlullardan istifadə edilməməsi, eyni zamanda müəssisədə çalışan işçilərin bir yerdə sıx cəmləşməsi, sosial məsafələrə riayət olunmaması, müəssisə rəhbərliyinin bu qaydalara biganə yanaşması faktı aşkar olunmuşdur. Buna görə də vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin inzibati xəta haqqında protokolda olan tarix uyğunsuzluğu ilə əlaqədar bildirdi ki, protokol 05.06.2021-ci il tarixdə tərtib olunmuşdur. Əsəbi olduğundan protokolun tarixini bir neçə dəfə pozaraq yenidən yazmışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən polis polkovnik-leytenantı X11 izahat verərək göstərdi ki, 22.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Kotec qəsəbəsində yerləşən yuyucu vasitələrin istehsalı müəssisəsinin həyətində yoxlama zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigyena və karantin rejimlərinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Belə ki, orada dezinfeksiyaedici məhlullardan istifadə edilməməsi, termometr cihazının olmaması, müəssisədə çalışan işçilərin maskadan istifadə etməməsi faktları aşkar edilmişdir. Oradakı işçilər polis əməkdaşlarını görüb cəld maskalarını taxdıqları üçün onlar tam çəkiliş edə bilməmişlər. Buna görə də vəzifəli şəxs X5 barəsində 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən polis leytenantı X6 da X11 ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan MN ******* saylı, 05.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 5000 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan qərardan şikayət vermiş şəxsin şikayət ərizəsinə əlavə etdiyi və məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin təqdim etdiyi protokollardan görünür ki, həmin protokolların tarixi fərqlidir. Belə ki, vətəndaşa təqdim edilmiş protokolun tarixi 07.05.2021-ci il, məhkəmə iclasında təqdim edilən protokolun tarixi isə 05.06.2021-ci ildir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı 22.05.2021-ci il tarixdə müəssisəyə polis əməkdaşlarının gəldiyi zaman oradakı işçilərin bir nəfər istisna olmaqla hamısının tibbi maskadan istifadə etdiyi müəyyən edildi. Həmçinin aparılmış araşdırma zamanı obyektə reyd keçirilərkən əməkdaşların maskadan istifadə etməmələri müəyyən olunması bildirilsə də əməkdaşlar fərdi qaydada inzibati məsuliyyətə cəlb olunmamışlar. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati xətaya dair iş üzrə kifayət qədər ziddiyyətli məqamlar vardır. Buna görə də həmin halların mövcudluğu iş üzrə yekun nəticəyə gəlməyə imkan vermir. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, araşdırma Azərbaycan Respublikası İXM-nin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, X5 barəsində inzibati xətaya dair iş üzrə icraatda kifayət qədər ziddiyətli məqamlar olduğundan X4 şikayəti qismət təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 22.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Sumqayıt şəhər Prokorurluğu vasitəsilə Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə göndərilməlidir. İnzibati xətaya dair iş üzrə 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 22.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X12 oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X5 barəsində qəbul edilmiş 22.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Sumqayıt şəhər Prokorurluğu vasitəsilə Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə göndərilsin. İnzibati xətaya dair iş üzrə 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakı̇ m: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar