Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1986/2025 20.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi və müdafiəçisi Nümayəndə3 iştirakları ilə, Hüquqi şəxs "xxxx" ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs "xxxx" ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 41A məhəllə, Çerkassi küçəsində ASC ilə üzbəüz qarşı hissədə yerləşən köküstə yaş halında d=2,0 sm 1 ədəd, 8,0 sm 2 ədəd, 10,0 sm 2 ədəd, 12 sm 1 ədəd sərv ağacı qanunsuz olaraq məhv edilmişdir. Göstərilənlərə əsasən Hüquqi şəxs "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1986/2025 nömrəli qərarı ilə "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 50000 (əlli min) manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)-600/2025 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1986/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 41A məhəllə, Çerkassi küçəsində "xxxx" ASC ilə üzbəüz qarşı hissədə yerləşən ərazi 2007-ci ildə bələdiyyə tərəfindən ASC-yə ayrılmışdır. Həmin ərazidə 86 ağac olmuşdur və 6 ədəd ağac kəsilmiş, 80 ədəd ağac isə köçürülmüşdür. Ağacların köçürülməsi ilə bağlı aktda qeyd edilsə də, protokol ağacların kəsilməsi ilə bağlı tərtib olunmuşdur. "xxxx" ASC tərəfindən bələdiyyəyə ağacların köçürülməsi və kəsilməsi ilə bağlı müraciət ünvanlamışdır. Bələdiyyə isə bu səlahiyyət Ekologiya Nazirliyinə aid olduğundan müraciəti onlara ünvanlamış və nazirlikdən onlara rədd cavabı gəlmişdir. Daha sonra qaynar xəttə ağacların kəsilməsi ilə bağlı məlumat daxil olmuş və bununla bağlı əməkdaşlar tərəfindən əraziyə xidməti baxış keçirilən zaman ağacların kötükləri aşkar edilmişdir. Bununla bağlı peyk görüntülərinin də olduğunu bildirmişdir. Həmin ərazidə ağacların kəsilməsində maraqlı olan şəxs "xxxx" ASC olduğundan və faktla bağlı qaynar xəttə müraciət daxil olduğundan protokol tərtib edilmişdir. Belə ki, müraciət edən şəxs ağacların "xxxx" ASC-nin işçiləri tərəfindən kəsildiyini bildirir. Bundan başqa, ASC ağacların köçürülməsi ilə bağlı bələdiyyəyə də müraciət etmişdir. Qeyd edilən hallar həmin ağacların ASC-nin əməkdaşları tərəfindən qırılmasını ehtimalına əsas verir. Göstərilənləri nəzərə alaraq məhkəmədən qanunauyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, qeyd edilən ərazi bələdiyyənin qərarı ilə "xxxx" ASC-yə ayrılmışdır. "xxxx" ASC tərəfindən isə həmin ərazi avtonəqliyyat vasitələrinə texniki xidməti göstərmək üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən çıxarış almaq üçün bələdiyyəyə müraciət edilmişdir, lakin rədd cavabı gəlmişdir. Həmin ərazidə ağacların kəsilməsində maraqlı olan şəxs isə "xxxx" ASC-nin qarşısında fəaliyyət göstərən banka zavodudur. “Yaşıllığın mühafizəsi haqqında” qanunda da göstərilmişdir ki, hər il qeyd olunan ərazilərlə bağlı monitorinq keçirilməli və ərazidə olan ağaclar siyahıya alınmalıdır, lakin həmin əraziyə heç bir monitorinq keçirilməmişdir. Həmin ərazidən ağacların kim tərəfindən kəsilməsi ilə bağlı heç bir sübut yoxdur. Göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid bildirmişdir ki, o, şüşə qablar istehsalı ilə məşğul olan “Əhməd” firmasında işləyir. Qeyd olunan ərazini 2012-ci ildən etibarən o və işlədiyi sexin əməkdaşları təmizləmiş, orada 140-a yaxın ağac əkmişlər. Ağacların əkilməsində şəxsən özü də iştirak etmişdir. "xxxx" ASC-nin əməkdaşları bir neçə dəfə onlara yaxınlaşıb, həmin ərazinin özlərinə məxsus olduğunu bildirmişdir. Halbuki, qeyd olunan ərazi “Əhməd” firmasının mühafizəsindədir, "xxxx" ASC-yə məxsus deyildir. Onlar həmin ərazini yaşıllaşdırmaq məqsədilə orada ağaclar əkmişlər. Bir müddət sonra onlar ağacların qurumasını və yox olmasını müşahidə etmişlər və o, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ağacların kəsilməsini görmüşdür. Ağacları kəsən şəxsin üzərində "xxxx" ASC-yə aid hər hansı forma olmamışdır. O, həmin şəxsin Sumqayıt-Çörək ASC-də işlədiyini, lakin, həmin şəxsi tanımadığını, adını bilmədiyini söyləmişdir. Həmin şəxs onun işlədiyi sexdə quraşdırılmış kameraya da düşmüşdür. O, ağacların qırılması ilə bağlı təxminən 5-6 ay bundan öncə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, o, 1994-cü ildən etibarən "xxxx" ASC-də mühafizəçi vəzifəsində işləyir. "xxxx" ASC Çerkassi küçəsində yerləşir. O, bildirmişdir ki, ASC-nin işçiləri tərəfindən üzbəüz ərazidə olan ağaclar qırılmamışdır. ASCnin daxilində və qapısının qarşısında olan ağaclar isə işçilər tərəfindən əkilmişdir. Həmin ağacların əkilməsində bağban və özü də iştirak etmişdir. Həmçinin, bildirmişdir ki, zavodun ərazisində köhnə ağaclar da olmuş, vaxtaşırı zavodda olan köhnəlmiş ağacları bağbanla birlikdə yeniləmiş və əlavə də 10-15 ağac əkmişlər. O, zavodla üzbəüz yolda olan ərazidəki ağaclar barədə məlumatı olmadığını, həmin ağacların zavodun əməkdaşları tərəfindən qırılmadığını bildirmişdir. Məhkəmə iclasında iştiak edən şahid Rəhimov Baris bildirmişdir ki, o, "xxxx" ASC-də 1985-ci ildən bəri bağban kimi işləyir. O, ASC-nin həyətində olan ağaclara qulluq etdiyini, ASC-də işləyən əməkdaşlarla ildə bir dəfə iməcilik keçirdiklərini, ağaclar quruduqda yeniləri əvəzləəiklərini bildirmişdir. Zavodun qarşı tərəfindən bir neçə ədəd kol kimi ağac olduğunu, həmin kolların da hazırda yerində olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən X4 bildirmişdir ki, 2019-cu ildən etibarən "xxxx" ASC-də təchizatçı vəzifəsində işləyir. Təchizatçı olduğu üçün zzvodun həyətində olan quruyan ağacların yeniləri ilə əvəz edilməsi üçün ağacları alıb gətirib bağbana əkmək üçün vermişdir. ASC ilə üzbəüz şüşə sexinin ərazisində isə ağacın olub-olmadığına fikir verməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 08 iyul 2025ci il tarixli 91437 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən şüşə qabları sexinin işçisi Şahid tərəfindən ünvan 2 ünvanında çörək zavodu ilə üzbəüz torpaq sahəsində əkilmiş 115 ədəd ağacın çörək zavodunun işçiləri tərəfindən kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət daxil olmuş və həmin müraciət icra edilməsi üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin müraciət idarənin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırmada iştirakı təmin edilməsi üçün Şahid mobil telefon nömrəsinə zəng edilsə də, sonuncu heç bir səbəb göstərmədən araşdırmada iştirak etməkdən imtina etmişdir. Araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 saylı protokolu əsasında "xxxx" ASC-yə Sumqayıt şəhəri, 41a məhəllə, Çerkassi küçəsində avtomobillərə texniki qulluq məntəqəsinin tikintisi məqsədi ilə 448 kv.metr torpaq sahəsinin ayrıldığı məlum olmuşdur. Sözügedən ərazidə mövcud olan yaşıllıqların başqa əraziyə köçürülməsi barədə torpağın mülkiyyətçisi Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli 4851 saylı məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Agentliyinə müraciət olunmuşdur. Agentlikdən daxil olmuş cavab məktubunda qeyd olunan ərazidə yerləşən yaşıllıqların köçürülməsi işlərinə yalnız ərazidə aparılması nəzərdə tutulan tikinti layihə sənədlərinə X1 müsbət rəyi alındıqdan sonra baxılacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixində X3 Agentliyindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş ekpertiza rəyinin icra vəziyyəti ilə bağlı qeyd olunan ərazidə yerləşən ağaclara baxış keçirilmiş və yaşıllıqların köküstə yaş halında yerinə bitmiş vəziyyətdə olduqları müəyyən edilmişdir. Azərkosmik peyk görüntülərinə əsasən ərazinin əvvəlki sonrakı vəziyyətinin müqayisəli təhlili zamanı Sumqayıt şəhəri, 41a məhəllə, Çerkassi küçəsinin kənrarında çörək zavodu ilə üzbəüz qarşı hissədə yerləşən ərazidə köküstə yaş halında 86 ədəd ağacdan 80 ədədinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi, torpaq mülkiyyətçisinin qərarı və yaşıllıqların götürülməsi vərəqəsi olmadan köklə birlikdə torpaqdan çıxarılaraq çörək zavodunun ərazisinə, inzibati binanın ətrafına köçürülməsi, köküstə yaş halında 06 ədəd (diametri 02 santimetr olan 01 ədəd, diametri 08 santimetr olan 02 ədəd, diametri 10 santimetr olan 02 ədəd, diametri 12 santimetr olan 01 ədəd) sərv ağaclarının isə kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. Araşdırmada iştirak edən və özünü "xxxx" ASC-nin direktoru müavini kimi təqdim edən X6 faktla bağlı izahat verməkdən imtina etmişdir. Bununla da hüquqi şəxs "xxxx" ASC tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 13.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydaları”nın 2.1-ci bəndinin tələbləri pozulmuşdur. "xxxx" ASC-nin Sumqayıt Bələdiyyəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 65 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Bələdiyyəsi Şurasının xx.xx.2007-ci il tarixli qərarı ilə "xxxx" ASC-yə avtomobillərin texniki baxış məntəqələrinə aid ayrılmış 448 kv.metr torpaq səhəsinin inşaat pasportu verilmişdir. Bununla əlaqədar bütün aidiyyəti təşkilatlardan tikinti üçün icazə alınmışdır. Qeyd edilən səbəbdən də onlara ayrılmış torpaq sahəsində əkilmiş ağacların başqa yerə köçürülməsinə köməklik edilməsi xahiş edilmişdir. Sumqayıt Bələdiyyəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Agentliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 4851 saylı məktubundan görünür ki, Sumqayıt-Çörək” ASC-nin direktoru Ə.Z.Qasımov Sumqayıt Bələdiyyəsinə müraciət edərək "xxxx" ASC-nin ərazisində əkilmiş ağacların başqa bir əraziyə köçürülməsini xahiş etmişdir. Müraciətdə göstərilənləri nəzərə alıb tədbirlər görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin Sumqayıt Bələdiyyəsinə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və X2 Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-14-22/2-1796/2024 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin ərazisində əkilmiş ağacların başqa əraziyə köçürülməsinə köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixli məktuba baxılmışdır. Qeyd edilmişdir ki, layihə sənədləri qiymətləndirilməsi üçün X3sına təqdim edilməlidir. Ona görə də layihə sənədlərinə dair X1 müsbət rəyi alındıqdan sonra mövcud qanunvericiliyə əsasən məsələyə münasibət bildiriləcək. 2025-ci ilə aid “Google Earth” proqramından çıxarılmış peyk şəkilindən görünür ki, Sumqayıt şəhəri, 41a məhəllə, Çerkassi küçəsində "xxxx" ASC ilə üzbəüz sahədə bir neçə ağacın bir-birindən müxətlif məsafələrdə olması görünür. Peyk görüntülərində yalnız böyük ağaclar görünür, kiçik ağacların olub-olmamasını isə həmin fotoşəkilə əsasən müəyyən etmək mümkün deyil. Fotoşəkillərdən görünür ki, Sumqayıt şəhəri, 41a məhəllə, Çerkassi küçəsində yolun kənarında olan sahədə 06 ədəd ağac kökboğazından kəsilmişdir. Kökboğazından kəsilmiş ağacların hər birinin ayrı-ayrılıqda foto şəkilləri çəkilmişdir. Fotoşəkillərdə həmçinin "xxxx" ASC-yə aid zavodun hasarı daxilində yeni əkilmiş çoxsaylı kiçik ağacların olması, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının həmin ağacları göstərmələri müşahidə edilir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərtib edilmiş protokola əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 saylı protokolu əsasında "xxxx" ASC-yə Sumqayıt şəhəri, 41a məhəllə, Çerkassi küçəsində avtomobillərə texniki qulluq məntəqəsinin tikintisi məqsədi ilə 448 kv.metr torpaq sahəsinin ayrılmışdır. "xxxx" ASC Sumqayıt Bələdiyyəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 65 saylı məktubla Bələdiyyənin ASC-yə avtomobillərin texniki baxış məntəqələrinə aid ayrılmış 448 kv.metr torpaq səhəsinin tikinti üçün torpaq sahəsində əkilmiş ağacların başqa yerə köçürülməsinə köməklik edilməsi xahiş edilməsi barədə məktub ünvanlamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən həmin məktuba cavab olaraq layihə sənədləri qiymətləndirilməsi üçün X3sına təqdim edilməli, X1 müsbət rəyi alındıqdan sonra məsələyə münasibət bildiriləcəyi qeyd edilmişdir. Daha sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən şüşə qabları sexinin işçisi Şahid müraciəti əsasında xx.xx.2025-ci il tarixli 91437 nömrəli akt tərtib edilmişdir. Qeyd edilən aktda Sumqayıt şəhəri, 41A məhəllə, Çerkassi küçəsinin kənarında "xxxx" ASC ilə üzbəüz olan ərazidə "xxxx" ASC tərəfindən 6 (altı) ədəd köküstə yaş halında sərv ağacının (3840 manat dəyərində) məhv edilməsi müəyyən olunması göstərilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən Sumqayıt şəhəri, 41A məhəllə, Çerkassi küçəsinin kənarında yerləşən ərazidə mövcud olan ağacların məhz "xxxx" ASC tərəfindən məhv edilməsi faktını təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Bələdiyyəsinə tikinti işlərinin aparılması üçün ağacların köçürülməsi barədə müraciət edilməsi, inzibati xətanın ASC tərəfindən törədilməsini iddia etməyə əsas vermir. Bundan başqa, iş materiallarına Sumqayıt şəhəri, 41A məhəllə, Çerkassi küçəsinin kənarında yerləşən ərazidə olan ağacların fotoşəkilləri əlavə edilsə də, ağacların mövcudluğu fotoşəkillərlə təsdiq olunsa da, qeyd edilən hal ağacların "xxxx" ASC tərəfindən məhv edilməsinə dəlalət etmir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində izahat vermiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət edən şəxs Şahid izahatında Sumqayıt şəhəri, 41A məhəllə, Çerkassi küçəsinin kənarında yerləşən ərazidə olan ağacların "xxxx" ASC-nin işçisi tərəfindən qırılmasını gördüyünü, lakin, həmin şəxsi tanımadığını və adını bilmədiyini bildirmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı protokol tərtib edən orqan tərəfindən Sumqayıt-Çörək” ASC-nin Azərbaycan Respublikasının İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsinə aidiyyəti sübuta yetirilə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tələblərinin barəsində protokol tərtib edilmiş "xxxx" ASC tərəfindən pozulması məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin Qərardan qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1986/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1986/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver