Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1987/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ-dən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3 və 266.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ tərəfindən xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqınd protokol düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilməsinin qaydalarını müəyyən edir. Həmin maddənin 1.4-cü bəndində qeyd edilmişdir ki, inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti qeyd olunmalıdır. Tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən İXM-in 266.1-ci və 266.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi qeyd edilmişdir. Lakin, xətanın mahiyyəti hissəsində Şəxs MMC tərəfindən tullantıların ətrafa atılması, iyul, avqust 2025-ci il tarixlərdə, urnalardan kənara atılması qeyd edilmişdir. Protokolda xətanın mahiyyəti hissəsi İXM-in 266.1 və 266.3-cü maddələrinin dispozisiyaları ilə eyniləşdirildikdə uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, İXM-in 266.3-cü maddəsinə uyğun olaraq tullantıların urnalardan kənara atılması faktı prokotolda qeyd edilsə də, xətanın mahiyyəti hissəsində İXM-in 263.1-ci maddəsinin dispozisiyasına uyğun olaraq şəhər və digər yaşayış məntəqələrinin çirkləndirilməsi faktı qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 266.1-ci maddəsinin dispozisiyası tullantıların ətrafa atılmasına görə deyil, şəhər və digər yaşayış məntəqələrinin çirkləndirilməsinə görə məsuliyyət müəyyən etmişdir. Bundan başqa protokola əlavə edilmiş 91443 nömrəli aktda ağardıcı boya ilə düzəlişlər edilmişdir ki, aktın hansı tarixə aid olması müəyyən edilmir. Belə ki, aktda 04 iyu 2025 tarixi qeyd edilmiş, həmin tarixin iyun yoxsa iyul olaraq nəzərdə tutulması aydın deyil. Həmçinin aktın tərtib olunma tarixi hissəsi 04 avqust 2025 olaraq göstərilmişdir. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, Əliyar Əliyev küçəs ev 108 Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış, inzibati araşdırmaya dəvət barədə olan məktubun hüquq şəxsə çatması barədə hər hansı rəsmi sənəd mövcud deyil. Məktubun aşağı hissəsində “Qəbul etdim- Rəhbərliyə təqdim etmək üçün, imza, Talıbov Mühafizə xx.xx.2025” qeydləri mövcud olsa da, Təqdim edilən şəxsin şəxsiyyətinin qeyri-müəyyənliyi hüquqi şəxsin araşdırmada iştirakının təmin edilməsində şübhələr doğurur. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmanın qaydaları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 125-ci maddələri tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi-göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanının əməkdaşına tapşıra bilər. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan səhvlər olduğundan hesab edirəm ki, protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ-nə geri qaytarılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ-nə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi hüququ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1987/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1987/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver