Məhkəmə qərarları › İş №3(060)-1988/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1988/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1988/2024 04.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X5 katibliyi, Protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, X8 qonşusu Zərərçəkmiş şəxs təhqir edərək xırda xuliqanlıq etmiş nəticədə o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1988/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1988/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından Sumqayıt ŞPİ-nin rəisi, polis polkovniki Fəqan Azadəliyev tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət inzibati işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 3(105)-399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1988/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 5-ci PB-nin sahə rəisi, polis leytenantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, X8 qonşusu Zərərçəkmiş şəxs təhqir etdiyinə görə barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində əvvəllər də dəfələrlə Zərərçəkmiş şəxs və digər qonşu Xeybər Əhmədov tərəfindən Polis Bölməsinə şikayət ərizələri daxil olmuş və Şəxs tərəfindən nalayiq ifadələrlə təhqir olunduqlarını bildirmişlər. Həmin şikayət ərizələri materiala əlavə edilmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tahir Şahhüseynov ona ünvanlanmış suallara cavab olaraq bildrmişdir k, Şəxs 20 avqust 2024-cü il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuş həmin gün gönorta saatlarında MSY-dən buraxılmışdır. Tutma protokolunda buraxılma vaxtı kimi yanlış olaraq 00:30 qeyd edilmişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur. Onunla arasında evlərinin qabagında yığılan su ilə bağlı mübahisə olmuş, Əşrəf bildirmişdir ki, guya həmin əraziyə suyu o tökmüşdür. Lakin o, ona həmin suların yağış yağması səbəbindən yığılmasını demiş, lakin bu barədə heç bir orqana müraciət edilməmişdir. Protokolda qeyd olunan vaxtda, yəni xx.xx.2024-cü il tarixdə o, Əşrəfi görmədiyini, onu təhqir etmədiyini bildirir. Həmin hadisədən polis əməkdaşları onu gəlib bölməyə aparanda xəbəri olmuşdur. Bölməyə aparıldıqdan sonra o, saat 00:00 radələrində inzibati qaydada tutulmuş və həmin gün saat 17-18 arasında azad edilmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis leytenantı Rəşad Cəfərov 5-ci PB-nin rəisinə “Raport”-la müraciət etmişdir. Zərərçəkmiş şəxs 19 avqust 2024-cü il tarixli 5-ci PB-nin rəisi Elmar Quliyevə göndərdiyi ərizəsində həmin gün gecə saatlarında yaşadığı Sumqayıt şəhəri Yaşıldərə massivi fərdi evdə yaşayan Vaqif adlı şəxsin onu və ailəsini nalayiq ifadələrlə təhqir etdiyini, müraciəti ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 19 avqust 2024-cü il tarixli izahatında Sumqayıt şəhəri Yaşıldərə massivi fərdi evdə yaşayan Vaqif adlı şəxsin onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi barədə izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır. Onun təqsiri iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt şəhəri Yaşıldərə massivi fərdi evdə yaşayan Şəxs qonşuluqda yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvlərini təhqir etməklə hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydanı kobud surətdə pozmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 5-ci PB-nin polis sahə rəisi, polis Tahir Şahhüseynovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli bilinməsi üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki tutma protokolundan görünür ki, Şəxs 20 avqust 2024-cü il tarixdə, saat 00:20də tutulmuş, həmin gün gönorta saatlarıda MSY-dən buraxılmışdır. İXM-nin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB tərəfindən xx.xx.2024-cü il tarixdə saat 00:20-də tutularaq həmin gün gönorta saatlarınadək MSY-də saxlanılması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar