Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1989/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, mühəndis, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 11 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8i-901 saylı icra qeydinə əsasən Şəxs 25 manat dövlət rüsumu olmaqla cəmi 47225 manat məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməldir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş borcluya xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Borclu izahatında həmin borc üçün zamin durduğunu bildirmişdir. Borclu tərəfindən bugünədək icra sənədi üzrə cəmi 7000 manat ödəniş edilmişdir. Belə ki, sonuncu ödəniş iyun ayında 5000 manat olmuşdur. Borclu icra işi üzrə bütün çağırışlara vaxtlı-vaxtında gəlir. Borclunun əmlakı və gəliri müəyyən olunmamışdır. Borclu işlədiyini deyərək bu barədə ona sənəd təqdim etsə də onun iş yeri elektron icra sistemində çıxmır. Ona görə də əmək haqqına yönəltmə etməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, bugünədək icra sənədi üzrə 7000 manat ödəniş etmişdir. Hal-hazırda 500 manat ödəniş edə bilər. O, əmək müqaviləsi əsasında dövlət orqanında işləyir və 1126 manat əmək haqqı alır. O, borcu ödəməkdən yayınmır. Sadəcə bu gün həmin məbləği tam ödəyə bilmir. İşləməsi, əmək haqqı olması barədə icra məmuruna da məlumat vermiş və bu barədə sənəd də təqdim etmişdir. Lakin, icra məmuru tələbi onun əmək haqqına yönəltmədən protokol tərtib etmişdir. Hazırda yaxın qohumlarının adına qeyri-yaşayış sahəsi var, ora satıldıqdan sonra borcu da tam ödəyəcək. Göstərilənlərin nəzərə alınmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu qərəzli olaraq borcunu ödəməkdən yayınır. O, borcluya kifayət qədər vaxt vermişdir. Verilən vaxt ərzində borclu ödəniş etməmişdir. Hazırda şiakyətçidir və borcun tam ödənilməsini tələb edir. Göstərilən halların nəzərə alınmasının xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədi icraata daxil olduğu 2025-ci ilin fevral ayından indiyə kimi 7000 manat ödəniş etmişdir. Bundan əlavə borclu rəsmi qaydada işləməsinə baxmayaraq icra sənədi üzrə ödənişlər borclunun əmək haqqına yönəlməmişdir. Qeyd edilən hallar borclunun ödənişləri tam yerinə yetirməməsində qərəzli olmadığını, əksinə icra məmuru tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş bütün tədbirləri görməməsini, natamam araşdırma nəticəsində inzibati xəta haqqında protokol tərtib etdiyini təsdiq edir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8i-901 saylı icra sənədindən görünür ki, Şəxs 25 manat dövlət rüsumu olmaqla cəmi 47225 manat məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməldir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8i-901 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də mühəndis işləyir və aylıq əmək haqqı 1126 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8i-901 saylı icra sənədinə əsasən Şəxs 25 manat dövlət rüsumu olmaqla cəmi 47225 manat məbləğində pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməldir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Bundan sonra borclu tərəfindən indiyə kimi hissə-hissə 7000 manat ödəniş edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, rəsmi əmək müqaviləsi əsasında işləyir və aylıq əmək haqqı 1126 manat təşkil edir. Lakin, icra məmuru tərəfindən tələbin borclunun əmək haqqına yönəldilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Hazırda borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətməsi göstərilməmiş, eləcə də onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə işin halları ilə müəyyən edilir ki, borclu ödəniş etməkdən qərəzli boyun qaçırmır, qismən ödənişlər etmiş, həmçinin onun aylıq əmək haqqı mövcuddur və tələbin əmək haqqına yönəldilməsi ilə bağlı icra məmuru tərəfindən heç bir tədbir görülməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, icra sənədi üzrə icraata başalama barədə qərar qəbul edildiyi xx.xx.2025-ci il tarixdən indiyə kimi 7000 manat ödəniş edilmiş, eyni zamanda borclunun rəsmi iş yeri və əmək haqqı olduğ halda tələb onun əmək haqqına yönəldilməmişdir. Bütan bunlar isə icra tələbi üzrə borclun tam ödənilməməsində borlcunun qərəzli olmadığını təsdiq edir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1989/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1989/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver