Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1991/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Qazaxıstan Respublikası, Aktyubinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1130 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X1 Günay Mövlud qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə saat 15.30 radələrində Sumqayıt şəhəri Göyərçin parkı Özsüt restoranının yanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X6 izahatında protokolun məzmununu elan edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın icraatına daxil olmuş, qərar əsasənda inzibati xəta haqqında icraat başlanılmış, protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində məhkəmənin qətnaməsi ilə İlhamla nikah münasibətinə xitam verilmişdir. Münaqişə Sumqayıt şəhəri Özsüt restoranının yanında baş vermiş, İlham çantasını ona vermədiyi üçün avtomobilinin şüşəsini daş ilə sındırmışdır. İlhamı döyməmiş, lakin İlhamın sinəsini əli ilə cızmışdır. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Günay avtomobilinin şüşəsini daş ilə sındırmış, arxa oturacağında əyləşən zaman əli ilə qolunu və sinəsini cızmışdır. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15.30 radələrində Sumqayıt şəhəri Göyərçin parkı Özsüt restoranının yanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. İş materiallarında olan 31 iyul 2025-ci il tarixli, 983 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ bazunun yuxarı 1/3-nin arxa-iç səthinin, sağ bazunun orta 1/3-nin ön iç səthinin qançırları, döş qəfəsinin ön sol səthinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixində təsvir edilən şəraitdə əmələ gələ bilərdi, dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti 4-cü PB-yə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Şəxs və zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi və işdə olan digər sənədlər ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin, hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs qızına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1991/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1991/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver