Məhkəmə qərarları › İş №3(060)-1994/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1994/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1994/2022 15.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis serjantı Kənan Məmmədov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 327.1 və 333.1-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il saat 18:00-da Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olan zaman manevr etmə qaydasını pozaraq saxlanılmış, həkim yoxlanılmasından keçən zaman sərxoş halda avtomobili idarə etdiyi müəyyən edilmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 10 avqust 2022-ci il tarixdə təyin edilmiş, lakin 3385 №-li, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını tərtib edən həkimin şahid qismində məhkəmə iclasına dəvət olunması ilə bağlı işin baxılması 15 avqust 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, BC 013716 saylı sürücülük vəsiqəsi ilə **-XJ-*** dövlət qeydiyyat nişanlı “Tofaş Şahin minik” markalı avtomobili idarə etmişdir. xx.xx.2022-ci il tarixdə həmin avtomobili Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə idarə edərkən manevr etmə qaydasını pozduğuna görə yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı polis əməkdaşı ona nəfəs verməyini bildirmişdir. O, nəfəs vermiş, daha sonra onu həkim müayinəsindən keçməyini bildirilmişdir. O, da etiraz etməyərək həmin yol polis əməkdaşları ilə birlikdə həkim müayinəsindən keçmək üçün getmiş və müayinədən ondan analiz götürülmüş və narkotik vasitə olan marixuana qəbul etdiyi bildirilmişdir. O, buna öz etirazını bildirmiş və qeyd etmişdir ki, o, ümumiyyətlə marixuana və ya digər narkotik vasitələrdən istifadə etməmişdir. Qeyd olunan hadisədən sonra o, Respublika Narkoloji Mərkəzinə gedərək orada analiz vermiş və ondan hər hansı bir narkotik vasitənin qəbulu aşkar olunmamışdır. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi Şahid izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:00-da Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin əməkdaşı tərəfindən Sumqayıt Narkoloji Dispanserə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirmək məqsədi ilə dəvət olunan şəxsiyyəti sonradan məlum olan Şəxs müayinəsi zamanı onda narkotik vasitə olan marixuana THC testi (+) pozitiv olunmuş və qeyd olunan hal Dispanserin 3385 №li xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında qeyd olunmuşdur. Lakin vətəndaş xx.xx.2022-ci il tarixdə yəni 1 gün sonra Bakı şəhərində Respublika Narkoloji Mərkəzi başqa Dispanserdə təkrar müayinədən keçib akt əldə etmiş, həmin aktda artıq narkotik vasit olan marixuana (- ) pozitiv müəyyən edilməmişdir. Şəxs sərxoşluq yəni narkotik vasitə qəbul edilməsi vəziyyətini o yoxlayarkən həmin şəxs ayaq üstə sərbəst dayanmış, özünü idarə edə bilmişdir. Yadındadır ki, həmin şəxs narkotik vasitələrin qəbul etməsi faktı ilə müayinə aktının nəticəsindən narazılığını bildirmişdir. Lakin o, yazılı ərizə təqdim etmədiyinə görə tərəflərindən kamisyon qaydada tibbi müayinə təkrar keçirilmədi. İlk dəfə narkotik vasitə olan marixuana qəbul etmiş şəxsin bədənindən narkotik 2 gün müddətə təmizlənir. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İXM-nin 327.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokolla İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Şəxs məxsus BC 013716 № li sürücülük vəsiqəsi xx.xx.2022-ci ildən xx.xx.2032-ci ilədək etibarlıdır. İş materialına əlavə olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 3385 №li xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il tarixdə, saat 18:00-da) narkotik vasitə olan marixuana qəbul etməsi aşkar olunmuşdur. Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji mərkəzinin 2756 №li xx.xx.2022-ci il tarixli narkotik vasitəlrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il tarixdə, saat 14:02-də) narkotik vasitə olan marixuana və digər narkotik vasitələr aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 3385 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında Şəxs yalnız marixuana qəbulu faktı qeyd olunmuş, lakin onun müayinə olunarkən narkotik maddənin təsiri altında sərxoş olması qeyd edilməmiş, şəxsin sərxoşluq əlamətlərini müəyyən edən digər amilləri özündə əks etdirən rəyin 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12-ci qrafalarında müvafiq qeydiyyat aparılmamışdır. Belə ki, Şəxs tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında qeyd edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə porotokol tərtib edilsə belə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji mərkəzinin 2756 №li xx.xx.2022-ci il tarixli narkotik vasitəlrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqındakı aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il tarixdə, saat 14:02-də) narkotik vasitə olan marixuana və digər narkotik vasitələr aşkar olunmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında AP № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar