Məhkəmə qərarları › İş №3(060)-1996/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1996/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1996/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, məhəllə 41, yataqxana 1, otaq 162 ünvanında qeydiyyatda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 343.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AP seriyalı, № ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:20 radəsində sürücü Sahil küçəsində hərəkətdə olan zaman işıq cihazlarından istifadə qaydasını pozduğu üçün saxlanılmış, yoxlama zamanı avtomobili etibarnaməsiz idarə etmiş və tibbi müayinəyə aparan zaman müayinədən imtina etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt ŞPİ-nin DYPŞ-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 343.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sahil küçəsində hərəkətdə olan zaman işıq cihazından istifadə qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı avtomobili etibarnaməsiz idarə etməsi aşkar olunmuşdur. Həyacanlı olduğum üçün YPX əməmkdaşları ondan şübhələnmiş və onu tibbi müayinədən keçirmək üçün Sumqayıt şəhər Narkoloji Dispanserə aparmışlar. Dispanserdə o analiz verə bilməmiş, ona 2 dərman və 1 litr su içirtsələr də, 2 saat orda olduğu müddət ərzində analiz verə bilməmişdir. O, onlara maneçilik törətmədiyini bildirdi. Bundan sonra YPX əməkdaşları ona müayinədən imtina etməsi barədə yazmasını bildirmişlər və o da nə edəcəyini bilmədən yazmışdır. Etibarnaməsiz avtomobil idarə etməyini qəbul etsə də, müayinədən keçməkdən imtina etməni qəbul etmir. Cərimə ödəməyə imkanı olmadığına görə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət X1 nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 3337 №-li, xx.xx.2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına görə Şəxs (xx.xx.2022-ci il, saat 18:20-də) tibbi müayinədən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar