Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1997/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X3 və vəkili “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil2, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə, xx.xx.1998-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X1 Kubra İslam qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 2025-ci ilin mart ayında kirayə yaşadıqları Sumqayıt şəhəri, Yaşı Dərə massivində yerləşən fərdi yaşayış evində anası Şəxs tərəfindən döyülərək xəsarət yetirilməsi barədə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə müraciət daxil olmuşdur. Qeyd edilən müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin (qanuni nümayəndəsinin, vəkilinin və yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorun iştirakı ilə), onun qanuni nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları alınmış, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Alınmış rəyə əsasən azyaşlı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər alması müəyyən edilmişdir. Bu səbəbdən də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə araşdırma aparılması üçün aidiyyəti üzrə göndərilmişdir. Tərəfindən aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs aldığı xəsarətin ona anası Şəxs tərəfindən yetirilməsi işin halları ilə öz təsdiqini tapmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o uzun illərdir ki, Təhməz Novruzovla evlidir, birgə nikahlarından iki uşaqları var, lakin hazırda münasibətləri pozulduğu üçün nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Onlar uzun müddət Sabirabad rayonunda yaşamışlar. Sonra isə bir müddət Sumqayıt şəhəri, Yaşıldərə Bağlar massivində kirayədə yaşamışlar. Hazırda barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, heç vaxt oğlu Zərərçəkmiş şəxs döyməmiş və ya hər hansı formada ona xəsarət yetirməmişdir. Bu il Novruz bayramına yaxın vaxtlarda oğlu Ələkbər həyətdə Tonqal yandıran zaman tonqalı yandırmaq üçün sellofandan istifadə etmək istəmiş, həmin vaxt ehtiyatsızlıqdan sellofan əriyərək oğlunun dizindən bir az yuxarı hissəyə tökülmüş və nəticədə uşağın bədənində yanıq əmələ gəlmişdir. Belə ki, oğlu həmişə həyətdə özündən böyük uşaqlarla tonqal yandırmış və tonqalı da adətən sellofanla yandırmışdır. Uşağın ayağı yanan zaman onun məlumatı olmamış, bu barədə yalnız axşam uşağın paltarını soyunduran zaman məlumatı olmuşdur. Belə ki, Ələkbər sellofanın əriyərək dizinə tökülüb onu yandırmasını ilk əvvəl gizlətmiş, evə gələrək yanmış paltarını gizli dəyişmiş və həmin paltarlarını gizlətmişdir. Həmin paltarların harada olmasından sonra da məlumatı olmamışdır. Bütün bunların hamısını uşaq gizli etmişdir. Uşağın dizinin yanması barədə əri Təhməz Novruzova da məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə əri Təhməz Novruzov onu döymüş, bununla bağlı polisə müraciət etmiş və Sabirabad rayonuna valideynlərinin yanına getmişdir. Həmin vaxt uşaqlar atalarının yanında qalmışdır. Bir müddət sonra əri Təhməz Novruzov da uşaqlarla birgə Sabirabad rayonuna qayıtmışdır. Bu müddət ərzində uşaqlar ataları ilə yaşayır və arabir onun da yanına gəlib gedirlər. Qeyd etdiyi kimi o heç vaxt oğlu Zərərçəkmiş şəxs döyməmiş və ya oğluna hər hansı formada xəsarət yetirməmişdir, bunların hamısı şərböhtandır və uşaq atası tərəfindən öyrədilmişdir. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında azyaşlı zərərçəkmiş şəxs X6 (qanuni nümayəndəsi, vəkili, həmçinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsinin iştirakı ilə) izahatında bildirmişdir ki, onun 8 yaşı var, atası Təhməz Novruzov, anası isə Şəxsdır. Onun həmçinin özündən iki yaş kiçik bacısı da var. Onlar bir müddət Sumqayıt şəhərində yaşamışlar. Onun özünün mobil telefonu var, mobil telefonu sərbəst işlətməyi bacarır, mobil telefonunda özünə məxsus vhatsapp hesabı da var. Mobil telefonda müxtəlif oyunlar da oynayır, ən çox oynadığı oyun isə “mycraft” oyunudur. Onlar əvvəllər birgə yaşamışlar, lakin atası və anası mübahisə etdiyinə görə hazırda ayrı yaşayırlar. Onunla bacısı da atasının yanında qalır. Bəzən anasının da yanına gedib onunla birgə qalır, lakin özü atası ilə yaşamaq istəyir. Onlar birlikdə yaşayan zaman atası anasına vhatsapdan istifadə etməyə icazə verməmişdir. Lakin, anası atasından gizli vhatsapdan istifadə etmiş və bunu gördüyü üçün atasına demişdir. Bundan sonra atasına məlumat verdiyi üçün anası onu döymüş, sellofanı yandırıb dizinə tökmüş, nəticədə dizində yanıq əmələ gəlmişdir. Həmin vaxt anasından qorxduğu üçün bu barədə atasına heç nə deməmişdir. Lakin, bir müddət sonra atası ilə anası mübahisə edərək ayrı yaşamağa başladıqdan sonra dizində olan yanıq xəsarətini anasının ona yetirdiyini atasına demişdir. Həmin vaxt artıq anasından ayrı yaşadığı üçün qorxmamış və hər şeyi atasına danışmışdır. Bundan əlavə bildirmişdir ki, o heç vaxt həyətdə tonqal yandırmamış və bununla bağlı yanıq xəsarəti almamışdır. Dizində olan yanıq xəsarətini ona anası yetirmişdir. Hazırda atası ona anası ilə də gedib yaşamasını və arabir anası ilə görüşməsini desə də özü bunu istəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X8 bildirmişdir ki, o uşağın izahatını məhkəmə iclasında dinlədi, həmçinin məhkəmə prosesində fasilə yaradılaraq onun uşaqla təkbaşına ünsiyyəti təmin edildi. Uşaqla onun psixologiyasına uyğun qaydada fərdi söhbət aparmış, onun kənar təsirlərə məruz qalıb-qalmamasını müəyyən etmək üçün xüsusi metodlardan istifadə edərək müəyyən suallar verərək ilk öncə uşağın maraq dairəsini müəyyən etmişdir. Uşağın mobil telefon oyunlarına çox istəkli olmasını, mobil telefondan istifadə bacarıqlarının olmasını və ən çox “mycraft” oyunundan istifadə etməsini müəyyən etmişdir. Eləcə də uşağın yaşı və psixologiyası nəzərə alınmaqla ona veridiyi suallar və fərdi söhbətin nəticəsində uşağın heç bir kənar təsirə məruz qalmadığı, verdiyi izahatın doğru olmasına şübhələrinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 izahatında bildirmişdir ki, o Şəxs ilə rəsmi nikahdadır, lakin aralarında mübahisə düşdüyü üçün hazırda ayrı yaşayırlar və nikahın pozulması tələbinə dair qarşı tərəfin iddiası Sabirabad Rayon Məhkəməsinin icraatındadır. Onların birgə nikahlarından iki azyaşlı uşaqları dünyaya gəlmişdir. Onlar uzun müddət Sabirabad rayonunda yaşamışlar, 2025-ci ildə isə bir müddət Sumqayıt şəhərində yaşamışlar. Birgə yaşadıqları müddətdə Kubraya vhatsap işlətməyə icazə verməmişdir. Belə ki, Kubra vhatsapla başqa şəxslərlə danışaraq ona xəyanət etmişdir. Bununla bağlı mübahisələri olmuş, lakin, azyaşlı uşaqları olduğu üçün bir neçə dəfə bu məsələnin üzərindən keçərək Kubranı bağışlamışdır. Buna baxmayaraq Kubra yenə də ondan gizli vhatsap işlətməyə davam etmiş, bu ilin mart ayının ortalarında oğlu Ələkbər bu barədə ona demişdir. Belə ki, Ələkbər azyaşlı olsa da mobil telefondan və vhatsapdan məlumatlı olduğu üçün anasının gizli vhatsap işlətdiyini və onu aldatdığını demişdir. Bununla bağlı evə Kubra ilə aralarında mübahisə yaranmışdır. Aradan bir müddət keçdikdən sonra aprel ayının ortalarında axşam evdə təsadüfən oğlu Ələkbəri ayağında (dizindən azca yuxarı) yanıq olduğunu görmüş, bu barədə Ələkbərdən və Kubradan soruşmuşdur. Kubra isə uşağın ayağının tonqalda yanmasını demişdir. Həmin vaxt uşağın ayağının yanıq yerinə maz çəkmişdir ki, sağalsın. Aradan bir müddət keçdikdən sonra, may ayında Kubra ilə aralarında yenidən narazılıq yarandığı üçün sonuncu evi tərk edərək Sabirabad rayonuna valideynlərinin yanına getmiş, uşaqları isə onun yanında qoymuşdur. Bundan sonra uşaqları da götürüb o da Sabirabad rayonuna getmişdir. Aradan bir müddət keçdikdən sonra iyun ayında azyaşlı oğlu Ələkbər ayağında olan yanıq xəsarətini anasının ona yetirdiyini, həmin vaxt anası yanında olduğu üçün qorxaraq bu barədə ona demədiyini bildirmişdir. Bundan sonra mobil telefonu ilə oğlunun ayağında olan yanıq xəsarətinin şəkilini çəkərək saxlamış və bu barədə daxili işlər orqanlarına şikayətlə müraciət etmişdir. Hazırda nikahın pozulması tələbinə dair işləri Sabirabad rayon Məhkəməsinin icraatındadır, uşaqlar da onun yanındadır. O, uşaqlarına görə ailəsini bərpa etmək istəyir və uşaqlar özləri getmək istəməsə də tez-tez onları anasının yanına da göndərir. Lakin, Kubranı azaşlı uşağına yetirilmiş yanıq xəsarətinə görə bağışlaya bilmir və hazırda şikayətçidir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəkili “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil2 izahatında bildirmişdir ki, Şəxs uşağını cəzalandırmaq üçün ayağını yandırmışdır. Bu qəbul edilən hərəkət deyil. Burada uşağın anaya qarşı öyrədilməsindən söhbət gedə bilməz. Çünki, uşaq özü də ayağının anası tərəfindən yandırıldığını etiraf edir. Şəxs etdiyi əməli etiraf etsə, onun təmsil etdiyi tərəf şikayətindən imtina edər. Onların əsas məqsədi ananın islah olunmasıdır. Ata bu gündə uşağı könüllü olaraq anaya verir və onların ünsiyyətinə heç bir maneə törətmir. Təhməz Novruzov özü könüllü uşağı neçə dəfə anası Kubranın yanına göndərmişdir. Əgər ata uşağı öyrədirsə, o zaman heç uşaqları ananın yanına göndərməzdi. Uşaq ana tərəfdən şiddət gördüyü üçün onunla birlikdə yaşamaq istəmir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 bildirmişdir ki, qarşı tərəf hüquqlarını müdafiə etdiyi şəxsə böhtan atılır. Onların əsas məqsədi Şəxs Azərbaycan Respublikası İXM-nin 157-cimaddəsi ilə təqsirli bilinməsi və uşağın ananın himayəsinə verilməməsidir. Verilmiş izhatlar da ziddiyyətlidir, uşaq atası tərəfindən öyrədilmişdir. Şəxs iddia nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, əri Təhməz Novruzov polisə xəsarətlə bağlı müraciət etmişdir. Bütün bu hadisələr əvvəlcədən düşünülmüş senarinin nəticəsidir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs anası Şəxs tərəfindən döyülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 962 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ budun aşağı 1/3-nin ön səthinin yanıq yarasından sonrakı çapıq toxuması. Qeyd olunan xəsarətlər yüksək hərarətin (yanmış selofanın axıntısı) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 6 aya qədər olmaqla qərarın təsviri hissəsində göstərilən tarixdə və qaydada yəni 2025-ci ilin mart ayında əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun azyaşlı zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirərək onu döyməsi, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatları, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə icraata xitam verilməsi və şəxsin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Belə ki, iş üzrə araşdırma zamanı uşağın yanıq xəsarəti alması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Bu halı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü də təsdiq etmişdir. Lakin, bildirmişdir ki, həmin xəsarət uşağa onun tərəfindən deyil, uşağın özü tərəfindən tonqal yandırarkən ehtiyatsızlıqdan yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında Novruz bayramına yaxın vaxtlarda oğlu Ələkbər həyətdə Tonqal yandıran zaman tonqalı yandırmaq üçün sellofandan istifadə etdiyini, həmin vaxt ehtiyatsızlıqdan sellofan əriyərək oğlunun dizindən bir az yuxarı hissəyə töküldüyünü və nəticədə uşağın bədənində yanıq əmələ gəldiyini, oğlunun həmişə həyətdə özündən böyük uşaqlarla tonqal yandırdığını, tonqalı da adətən sellofanla yandırmasını, uşağın ayağı yanan zaman onun məlumatının olmamasını, bu barədə yalnız axşam uşağın paltarını soyunduran zaman məlumatı olduğunu, həmçinin Ələkbər sellofanın əriyərək dizinə tökülüb onu yandırmasını ilk əvvəl gizlətdiyini, evə gələrək yanmış paltarını gizli dəyişdiyini, həmin paltarları gizlətdiyini və yanmış paltarların harada olmasından sonra da məlumatı olmadığını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən izahatının işin həqiqi halları ilə uyğun təşkil etmədiyi qənaətinə gəlir. Belə ki, qeyd edilməlidir ki, mart ayında havanın nisbətən soyuq keçdiyi vaxtda az yaşlı uşağın üzərində geyim olan zaman tonqal yandırarkən sellofanın əriyib onun bud hissəsinin aşağı 1/3-nin ön səthini yandırması inandırıcı və ağlabatan deyil. Bunun üçün ilk öncə uşağın üzərində olan paltarların yanması və sellofanın ərimiş hissəsinin uşağın bədəninə birbaşa təması olmalı idi. Yanğın bu dərəcədə olması isə uşaqda əlavə yanıq xəsarətlərinin yaranmasına da səbəb ola bilərdi. Onun əlində, bədəninin ayrı-ayrı hissələrində də digər xəsarətlər yaranmış olardı. Bundan əlavə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında qeyd etdiyi kimi uşağın üzərində olan paltarı, həmçinin bədənində yanıq xəsarətləri yarandığı halda azyaşlı uşağın paltarlarını gizli dəyişməsi, həmin paltarları gizlətməsi, bundan isə anasının xəbərinin olmaması inandırıcı və ağlabatan deyil. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır Məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1997/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1997/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver