Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1, Qərardan şikayət vermiş şəxs Kazımzadə Tamerlan Əkrəm oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə Kazımzadə Tamerlan Əkrəm oğlu tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs Kazımzadə Tamerlan Əkrəm oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2656/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt ŞPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Kazımzadə Tamerlan Əkrəm oğlu tərəfindən verilmiş şikayət təmin olunmamış və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət vermiş şəxs Kazımzadə Tamerlan Əkrəm oğlu Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2656/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və həmin Məhkəmənin 3(105)- 590/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2656/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və işə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Kazımzadə Tamerlan Əkrəm oğlu şikayətini onunla əsaslandırdı ki, onun idarə etdiyi avtomobil xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılmış, yükün çəkisi tərəzi ilə çəkilmiş və avtomobildə qanunla müəyyən edilmiş çəkidən çox yük aparılması bildirilmiş, onun barəsində protokol tərtib edilmiş və həmin protokola əsasən qəbl edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası CM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Protokodan narazı olduğu üçün əlavə araşdırma olmasını xahiş etsə də, qərar onun iştirakı olmadan qəbul edilmişdir. İdarə etdiyi nəqliyyat vasitəsində artıq yükün olub-olmaması isə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilmiş xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında müəyyən olunmamışdır. Qanunvericiliyin bu tələbini YPX əməkdaşına dəfələrlə bildirsə də, onu yol qırağında qeyri-rəsmi quraşdırılmış bir tərəziyə apararaq orda yükü çəkdirmişdir. Ona təqdim olunan və guya artıq yükün olmasını təsdiq edən sənəddə nə tərəzi, nə tərəzinin kimə məxsus olması, nə tərəzinin operatoru, nə də tərəzinin sonuncu dəfə metroloji yoxlamadan keçməsi barədə heç bir məlumat əksini tapmamışdır. Belə olan halda həmin qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru X2 izahatında bildirdi ki, Kazımzadə Tamerlan Əkrəm oğlu xx.xx.2023-cü il tarixdə Bakı-Quba yolu, 30 km ərazisində “DAF YÜK” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi nəticəsində İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Tamerlan Kazımzadəyə məxsus yük maşını xüsusi elektron tərəzidə çəkilərək həmin fakt müəyyən edilmişdir. Belə tərəzi ilə xidmət fərdi sahibkar tərəfindən göstərilir ki, bu cür xidmət Sumqayıt şəhərində 3 məntəqədə göstərilir. Avtomobil çəkilərkən nə sürücü, nə də polis əməkdaşı tərəzinin olduğu yerə daxil olmayıblar. Avtomobil tərəzidə çəkildikdən sonra bununla bağlı sənəd pəncərədən təqdim olunur. O, həmin tərəzinin müvafiq sertifikatının olmadığını və metroloji sınaqdan keçmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Kazımzadə Tamerlan Əkrəm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru X2 tərəfindən təqdim olunmuş 34120 nömrəli tərəzi qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə 14:46:46 radələrində **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan yükün çəkisi 35940 kq olmuşdur. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 124.3-cü madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü madəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs Kazımzadə Tamerlan Əkrəm oğlunun və protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yolpatrul xidməti inspektoru X1 izahatlarını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru X2 tərəzi qəbzini təqdim etsə də, həmin qəbzin hansı təşkilat və ya kim tərəfindən verilməsi qeyd olunmamış və həmin tərəzinin müvafiq sertifikatının olmadığını və metroloji sınaqdan keçmədiyini bildirmişdir. Həmçinin elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməli olduğu halda protokolu tərtib edən şəxs məhkəmə istintaqında tərəzi qəbzini verən təşkilatın müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edildiyi barədə sübut təqdim etməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 81.1 və 127-1.1-ci maddələrinin tələblərini pozmuşdur. Kazımzadə Tamerlan Əkrəm oğlunun Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə qərardan şikayət vermiş şəxs Kazımzadə Tamerlan Əkrəm oğlunun təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kazımzadə Tamerlan Əkrəm oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver