Məhkəmə qərarları › İş №3(060)-200/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-200/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-200/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746406 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (060)-7440/2018 saylı icra sənədləri üzrsüz səbəbdən yerinə yetirilmir. İcra sənədi üzrə borclunun 7500 ABŞ dolları və 180 manat ödənilməmiş borcu mövcuddur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (060)-7440/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 7500 ABŞ dolları və ya Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, 150 manat hüquqi yardıma görə köçürdüyü pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq X4 ödənilməlidir. Şəxs ödənişləri etməmiş, nəticədə borc yaranmışdır. Məhkəmə qərarını qərəzli şəkildə icra etmədiyi üçün Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu əvvəllər Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500 manat cərimə olunmuşdur. Həmin vaxt borca münasibətdə az miqdarda olmaqla qismən ödəniş etmişdir. Hal-hazırda borclu Şəxs 10.700 manat borcu var. Borclunun adına daşınar əşya mövcudddur. Həmin əşya bankda girov qoyulmuşdur. Son vaxtlar isə borclu icra məurunun çağırışlarına da gəlməmişdir. Belə ki, dəfələrlə telefonla əlaqə saxlayaraq icraya gəlməsi tələb edilmiş, hər dəfə gələcəyinə və ödəniş edəcəyinə söz vermiş, lakin vədinə əməl etməyərək gəlməmişdir. Qeyd edilən səbəbdən də onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş və polis tərəfindən İcra İdarəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və 1 aydır işsizdir. Buna görə də ödənişlər edə bilmir. 2-3 gün müddətinə ödəniş edə biləcək. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi onun vəziyyətini daha da ağırlaşdıracaq bildirmişdir. Göstərilən halların nəzərə alınmasını və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ailəsi ilə birlikdə kirayədə yaşayır. Uşaqları ali məktəbdə təhsil alır. Xərcləri çoxaldığı üçün ödənişlər edə bilmir. Hər dəfə icra məmurunun çağırışlarına gələcəyinə söz vermiş, lakin pul tapa bilmədiyi üçün çağırışlara da gəlməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, borclu qərəzli olaraq alimenti ödəmir. Ayda 50-30 manat ödəniş etməyə də razı olmuş, lakin sonuncu verdiyi bu sözə də əməl etməmişdir. O, ali təhsil alır. Xərcləri çoxdu. Buna görə də yaranmış borcun ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq borclu barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədininin icrasında qərəzli yayınmır, maddi vəziyyəti imkan vermədiyi üçün ödənişlər edə bilmir. Borclu barəsində inzibati tənbeh tədbiri tətbiq olunması onun vəziyyətini daha da ağırlaşdıracaq. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (060)-7440/2018 saylı icra sənədindən görünür ki, borclu Şəxs 7500 ABŞ dolları və ya Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, 150 manat hüquqi yardıma görə köçürdüyü pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs axtarışı elan edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs eyni icra sənəsi üzrə daha öncə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500 manat cərimə olunmuşdur. Həmin vaxt borca münasibətdə az miqdarda olmaqla qismən ödəniş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs icra məmurunun çağrışları üzrə icra idarəsinə gəlməkdən də yayınmış və yalnız məcburi gətirmə qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Hazırda onun icra sənədi üzrə indiki məzənnə üzrə 10.700 manat borcu mövcuddur. Həmçinin icra sənədinin icrası ilə əlaqədar tərəflər arasında hər hansı qaydada razılıq da əldə edilməmiş, zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) borcun ödənilməsini tələb edir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra etməməsi tam sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi və şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, həmçinin daha öncə barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehdən nəticə çıxarmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 18 yanvar 2024cü il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 18 yanvar 2024-cü il tarixdən saat 15:00dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar