Məhkəmə qərarları › İş №3(060)-2001/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2001/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2001/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Burosunun Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Tural İsayevin, Tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1989-cu ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qubadlı rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Tural İsayev tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli və Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-1894/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Tural İsayev məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1894/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)- 2814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Lakin Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş, beləliklə Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkar Zərərçəkmiş şəxs1 2975 manat, Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-1894/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə isə Zərərçəkmiş şəxs2 9860 manat aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs2 aliment borcunu tələb etməsə də, şifahi olaraq aliment borcunun qüvvədə saxlanmasını bildirmiş, lakin bu barədə icra şöbəsinə ərizə təqdim etməmişdir. Borclu isə maddi imkanı olmadığına görə aliment ödəyə bilməyəcəyini bildirmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-2814/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 2975 manat, Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-1894/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs2 isə 9860 manat aliment borcu vardır. Məhkəmə qərarlarından xəbərdardır, icra məmuru tərəfindən ona tələbin dərhal icrası haqqında bildiriş göndərilmişdir. Lakin o heç bir yerdə işləmir, ona görə də borcundan heç bir ödəniş edə bilməmişdir. Ödəniş etməyə imkanı yoxdur. Buna baxmayaraq ailəsi ilə barışmış, uşaqlarının saxlanılmasını imkanı daxilində təmin edir. Ona görə də Zərərçəkmiş şəxs1 aliment ödəyə bilmir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar, Zərərçəkmiş şəxs1 bildirdi ki, Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs ona 2975 manat borcu yığılmışdır. Bu müddət ərzində borclu heç bir ödəniş etməmişdir, o, alimentin tam ödənilməsini tələb edir, əks təqdirdə borclunun qanuna müvafiq qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. İcra sənədi üzrə digər tələbkar, Zərərçəkmiş şəxs2 bildirdi ki, Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-1894/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs ona 9860 manat aliment borcu yaranmışdır. Hal-hazırda o, alimentdən imtina etmir, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzalanmasını istəmir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1894/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhəkəməsinin 2(060)-2814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədlərindən məlumatı olsa da vaxtlı-vaxtında ödəniş etməmiş, aliment borcu yığılmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 01 avqust 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 01 avqust 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar