Məhkəmə qərarları › İş №3(060)-2001/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2001/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2001/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin polis sahə rəisi X6, Zərərçəkmiş şəxslər X5, X7 və onların qanuni nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Biləsuvar rayonu Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, gözəllik salonunda işləyən, ünvan 1 əhatə dairəsi, Təzəkənd kəndi ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X1 Səidə Qorxmaz qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayonda X2 azyaşlı qızları Aylin Qasımovanın qolunu burmuş və Zeynəb Qasımovanın qolunu sıxıb dartmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X12 izahatında bildirmişdir ki, xx.xx.2025-ci ildə Nəzakət Orucova DİN-in 102 Xidmətinə müraciət edərək azyaşlı qızlarının Nəzakət adlı qadın tərəfindən qolunun burulmasını və qolunu sıxıb dartılmağını bildirmişdir. Təhqiqat araşdırması zamanı tərəflərin izahatı alınmış və ekspertiza həyata keçirilmişdir. Beləliklə, həmin tarixdə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, bir məhəllədə yaşasalar da, Nəzakəti əvvəllər tanımayıb, hadisə zamanı onu ilk dəfə görmüşdür. Onun qızı ilə Nəzakətin bacısı qızı dostluq edir. xx.xx.2025-ci il tarixdə axşam işdən gələrkən qızı Nəzakət adlı qadının ona nalayiq ifadələr işlətdiyini və təhqir etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Nəzakətin bacısı qızı vasitəsilə onların evini müəyyən etmiş, qapını qızların açmış, lakin analarını görə bilməmişdir. Sonra Nəzakət özü gəlmiş və ondan niyə qızını təhqir etdiyini soruşmuşdur. Beləliklə, aralarında mübahisə baş vermişdir. Bildirmişdir ki, onun qızlarına heç bir xəsarət yetirməmişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi kimi iştirak edən X8 bildirmişdir ki, marketdə satıcı işləyir. Hadisə baş verən gün qızlarını həyətdə qoyub İcra İdarəsinə sənəd almaq üçün getmişdir. Oradan gələrkən əvvəlcə qızlarını həyətdə tapa bilməmiş, sonra binanın arxasından gəldiklərini görmişdir. Belə ki, Səidə adlı qadın onun böyük qızı Zeynəbin qolunu burmuş və saçını dartmışdır. Bundan sonra həmin qadınla danışmış və nəyə görə uşaqlarına xəsarət yetirdiyini soruşmuşdur. Beləliklə, aralarında mübahisə yaranmış və Səidə onu nalayiq ifadələrlə təhqir etmişdir. Övladlarına həmin qadının xəsarət yetirdiyini görməmişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X13 bildirmişdir ki, həmin gün bacısıyla həyətdə olarkən, Səidə adlı qadın bacısı Zeynəbi qolundan dartaraq binanın arxasına aparmış və buna görə o da bacısının arxasınca getmişdir. Həmin qadın bacısının saçından dartmış və qolunu burmuşdur. Həmin vaxt onların yanında başqa qız dostu da olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X10 bildirmişdir ki, həmin gün bacısıyla həyətdə olarkən, Səidə adlı qadın onun qolundan dartaraq binanın arxasına aparmış və saçını dartmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayonda X2 azyaşlı qızları Qasımova Aylinin qolunu burmuş və Qasımova Zeynəbin qolunu sıxıb dartmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti 3-cü PB-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X3 ərizəsindən görünür ki, xx.xx.2025ci il tarixdə qonşusu Səidə qızı 2016-cı il təvəllüdlü Qasımova Aylinin qolundan tutaraq burmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, barəsində şikayət verən şəxsi tanımır. Nəzakət onun qızını təhqir edib, buna görə o, Nəzakətin qapısına gedərək ona iraadını bildirib və uşaqlarına deyib ki, anaları onun qızından uzaq dursun. Bu hadisənin səhəri günü onun qızı Nəzakəti həyətdə görün və Nəzakət onun qızına qarşı nalayiq ifadələr işlədib. Buna görə o, Nəzakətə yaxınlaşıb niyə qızını söydüyünü soruşub və beləliklə, aralarında mübahisə düşüb. Bildirir ki, O, Nəzakətin övladlarına əl qaldırmamışdır, onun dedikləri böhtandır. İş materiallarında olan X5 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə həyətdə bacısıyla oyun oynayan zaman Səidə adlı qonşusu onun sağ qolundan yapışaraq binanın arxasına çağırmışdır. Binanın arxa hissəsinə keçdikdə onların evini tanıdığını və anasının şikayəti geri götürmədiyi təqdirdə evlərini yandıracağı ilə hədələmişdir. Səidə onun sağ qolundan tutub çimdikləmiş və saçının arxa hissəsindən yapışıb dartmışdır. İş materiallarında olan X7 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə həyətə çörək almağa düşmüşdü. Həyətdə olan vaxt Səidə adlı qonşusu onun yanına gələrək zədəli qolundan yapışıb qolunu dartmışdır. Onun qolunu buraraq anana şikayətini geri götürsün deyə bildirmişdir. İş materiallarında olan X9 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə həyətdə Zeynəb və Aylinlə oynayan zaman bir nəfər qonşu qadın gəlib Zeynəbin üzərinə yeridi və onun qolunu çimdiklədi, saçından dartdı. Sonra həmin qadın Zeynəbi təhqir etməyə başladı. Bundan sonra onlar oradan qaçıb getmişdir. Bildirir ki, həmin qadın onu vurmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1089 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X5 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ saidin qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilədi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1088 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X5 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ saidin yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilədi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli raportlardan görünür ki, ***-***-**-** nömrədən DİN-in 102 Xidmətinə zəng vurularaq Aylinin qonşusu Səidə tərəfindən qolunun burulması barədə məlumat verilmişdir. Eyni nömrə ilə X4 saidin əziyi xəsarəti ilə müraciət etmiş və qonşusu Səidə tərəfindən qolunun burulması nəticəsində xəsarət aldığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyi və işdə olan digər sənədlər ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən hal müəyyən olunmamış, inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi isə ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar