Məhkəmə qərarları › İş №3(060)-2005/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2005/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2005/2024 22.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt, Qaçqınlar şəhərciyində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3cü PB-nin qarşısında və içində ünvansız nalayiq söyüş söyüb polisin qanuni tələblərinə riayət etməmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis mayoru X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasının qarşısında olan küçə ilə vətəndaş Şəxs idarə etdiyi “Opel” markalı avtomaşınla həmin küçədən keçirdi, həmin küçənin qarşısında bir avtomaşın dayanıb yolu soruşurdu. Həmin vaxt Şəxs fikirli olduğundan və sürəti bir azca yüksək olduğundan tormoz verib maşını güclə saxlayır. Polis əməkdaşları tərəfindən vətəndaşa iradlar bildirilir, vətəndaş isə həmin iradları qeyrisəmimi qəbul edərək maşından düşür, ucadan nalayiq ifadələr işlədir, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də vətəndaş daha da aqressivləşir və qərəzli olaraq söyüşlər söydüyü üçün polis əməkdaşı tərəfindən şəxs bölməyə gətirilir və bölmənin daxilində də qərəzli olaraq söyüşlər söyməyə, dövlət əleyhinə ifadələr işlətməyə davam edir. Bu barədə növbətçi hissə tərəfindən raport tərtib edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin vaxt avtomobili ilə yolda hərəkətdə olduğu zaman qarşısında “Prius” markalı maşın saxlamış, o da tormoz verərkən səs çıxmışdır. Bu zaman polis əməkdaşı ona nə etdiyini, maşından düşüb onun yanına gəlməsini bildirmişdir. O da maşını bir kənarda saxlayıb düşəcəyini bildirdikdə polis əməkdaşı ona yaxınlaşıb maşından düşməyi tələb etmişdir. O da düşməyəcəyini, polis əməkdaşının gəlib onun maşınında oturmasını, maşını bir kənarda saxlayıb sonra hara desələr gedəcəyini bildirmişdir. Polis əməkdaşı maşının açarına əl atmış, bundan sonra onun dediyi ilə razılaşmış və əməkdaşlardan biri maşına əyləşmiş, maşının qapısını çırpmışdır, o da buna görə polis əməkdaşına irad bildirmiş, bundan sonra 5-6 nəfər başqa polis əməkdaşları da gələrək onu məcburi polis bölməsinə aparmış və söyüş söymüşlər. O da həmin söyüşü özlərinə qaytarmışdır. Bundan sonra onu bir otağa salıb ona təpiklə zərbə vurmuşlar. O, yalnız onu döydükdən sonra onu döyən şəxsi söymüş, başqa kiməsə yaxud dövlətə qarşı nalayiq ifadə işlətməmişdir. Döyüldüyünə görə hazırda böyrəkləri ağrıyır. Bölmədə olan zaman ona görə təcili tibbi yardım gəlmişdir. Yüksək təzyiqi vardır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kibercinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində 3-cü PB-nin inzibati binasının qarşısında digər polis əməkdaşları ilə dayanan zaman bir maşın sürətlə gəlmiş və tormoz vermiş, həmin şəxsə yaxınlaşıb avtomobili yavaş idarə etməyi bildirən zaman həmin şəxs sərt reaksiya vermiş, bundan sonra ara daha da gərginləşmiş, nalayiq ifadələr, söyüşlər işlənmiş, daha sonra polis əməkdaşları ilə birlikdə həmin şəxsi bölməyə aparmış, bölmədə də şəxs öz hərəkətlərinə davam etmişdir. Şəxsi bölməyə dəvət edən zaman gəlməmiş, onu məcburi olaraq bölməyə aparmışlar. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PBnin qarşısında dayanan zaman bir nəfər şəxsin maşını saxlayıb yerə düşərək nalayiq küçə söyüşləri işlətdiyini görmüş, bu zaman Təbriz adlı əməkdaş həmin şəxsə yaxınlaşmış, nizam-intizama dəvət etmiş, onların iradlarına baxmayaraq şəxs öz söyüşlərinə davam etmiş, daha sonra onu polis bölməsinə gətirmişlər. Bölmədə bir daha nizam-intizama dəvət edilmiş, lakin şəxs yenə də öz hərəkətlərinə davam etmişdir. Daha sonra izahatlarını verərək hadisənin necə baş verməsini bildirmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı X6 bildirdi ki, bölmədə olarkən səs-küy eşitmiş, yaxınlaşan zaman maşın barəsində mübahisə olduğunu eşitmiş, mübahisənin davamında nalayiq ifadələr işlədilmiş, həmin şəxsi bölməyə gətirmişlər, bölmədə də həmin hərəkətlər davam etmişdir. O, konkret olaraq şəxsin kimisə söyməsini eşitməmiş, ünvansız nalayiq ifadələr eşitmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Şahbazov bildirdi ki, bölmədə olan zaman səs-küy eşitmiş, səs-küyə çıxan zaman vətəndaşın onlardan bir əməkdaşla mübahisə etdiyini, şəxsin avtomobildən düşmək istəmədiyini görmüşdür. Şəxsi bölməyə dəvət edən zaman ilk öncə imtina etmiş, daha sonra avtomobilini saxlayıb sonra gələcəyini bildirmiş, bununla bağlı mübahisə yaranmış, şəxs kobud danışmışdır. Şəxsi bölməyə gətirən zaman bölmədə də öz hərəkətlərinə davam etmişdir. Şəxs bölmənin daxilində həm ünvanlı, həm ünvansız söyüşlər işlətmişdir. Şəxs onu maşına oturmağa dəvət etmiş, o da oturmuşdur, lakin yenə də mübahisə davam etmişdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 009127 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidləri, müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizamintizama dəvət edilməsinə baxmayaraq məhəl qoymamış, polisin qanuni tələbinə tabe olmayaraq iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni AR İXM-in 535.1-ci maddəsi ilə tənbeh tətbiq edilməlidir Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib İXM-nin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar