Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-201/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X3 iştirakları ilə, xx.xx.1986-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6519/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun 1200 manat borcu vardır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sənan Qasımlı məhkəməyə bildirdi ki, Şəxs borcundan müəyyən vaxtlarda ödəniş edib, müəyyən vaxtlarda ödənişdən yayınmışdır. Hazırda şəxsin 1200 manat ödənilməmiş aliment borcu vardır. Borclu həmin məblədən hazırda 400 manat ödəniş etməyə hazırdır. Qeyd olunanlara əsasən icra məmuru iş üzrə qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, ötən ilin sentyabr ayından bəri maddi sıxıntısı olduğu üçün ödəniş edə bilməmişdir. O, işləmir. Hal-hazırda 400 manat ödəniş edə bilər. Həmin məbləğ də ona atası tərəfindən verilib. İcra sənədinin icrasından yayınmır. Buna görə də iş üzrə icraat xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 bildirdi ki, Şəxs bu gün aliment borcunun yarısına yaxın ödəniş etmişdir. Buna görə də iş üzrə icraat xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X6 bildirdi ki, Şəxs borcundan 400 manat ödəniş etsə də, ondan qalan məbləği də tələb edir. Həmin məbləğ tam ödənilmədiyi təqdirdə aralarında hər hansı razılaşma ola bilməz. Şəxs əvvəllər işləyirdi. O, həmçinin taksi fəaliyyəti ilə də məşğul olur. Qeyd edilən borcu ödəməyə onun maddi imkanı vardır. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs Şəxs barəsində inzibai həbs tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6519/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X3 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulmalıdır. X6 məhkəməyə təqdim etdiyi qəbzdə göstərmişdir ki, “Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs mənə bu ay da daxil olmaqla 1200 manat borcundan 400 manatı nağd şəkildə aldım”. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edərək aşağıdfakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (bundan sonra - İXM) əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir (3). bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1). Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın (12.2). İXM-in 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi, şəxsin həmin maddəyə əsasən inziabti məsuliyyəti o vaxt yaranır ki, icra sənədindəki tələbi üzrsüz səbəbdən icra edilməsin. Göründüyü kimi borclu icra sənədində göstərilən aliment ödənişləri qismən də olsa icra etmişdir. Protokolun tərtib edildiyi tarixə onun icra sənədi üzrə 1200 manat aliment borcu olmuşdur ki, borclu bunu maddi imkansızlığı ilə əlaqələndirmişdir. Eyni zamanda məhkəmə iclası zamanı borclu aliment borcundan 400 manat ödəniş edə biləcəyini qeyd etmiş və həmin ödənişi icra məmurunun iştirakı ilə etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur (8.3). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (53.1.2). Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-201/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-201/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver