Məhkəmə qərarları › İş №3(060)-201/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-201/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-201/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli, MN2089202 nömrəli protokolunda qeyd edilmişdir ki, Şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3396/2023 nömrəli icra vərəqəsini və icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan icra etməmiş və nəticədə 5762,10 manat və 50 manatı ödəməkdən qərəzli yayınmışdır. Məhkəmə işin baxılmağa hazırlanma mərhələsində müəyyən etmişdir ki, icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə borclunun icra tələbini üzrsüz səbəbdən icra etməməsi və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini təsdiq edən yetərli sübutlar toplanmamışdır. Belə ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatında tələbkar X1 4175 manat məbləğində ödəniş etməsini və buna dair qəbzlərinin olmasını, tələbkara borcunun qalmadığını bildirsə də, qeyd edilən halın araşdırılması ilə bağlı iş üzrə zərərçəkmiş şəxs İcra İdarəsinə dəvət edilərək izahatı alınmamış, heç bir araşdırma aparılmadan protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda barəsində inzibati qaydada icraat aparılan şəxs tərəfindən icra sənədinin icra edilibedilməməsini, etməməsinin üzrlü və ya üzrsüz səbəbdən olmasını, borcu qalmışsa belə hansı məbləğdə borcunun olmasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda, inzibati xəta haqqında protokolda barəsində inzibati qaydada icraat aparılan şəxsin adı, soyadı, atasının adı göstərilsə də, vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və inzibati icraat zamanı zərərçəkmiş şəxs olmasına baxmayaraq inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, soyadı, atasının adı və yaşayış yeri göstərilməmiş və həmin qrafa doldurulmamışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Məhkəmə qeyd edilən Qanun normalarının tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN2089202 nömrəli protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar