Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2011/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin 16 iyun 2025-ci il tarixli, EQ 28625098 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən barəsində inzibati tənbehin tətbiqi barədə tərtib edilmiş 16 iyun 2025-ci il tarixli, EQ 28625098 saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, taksi duracağı olması ilə bağlı yol nişanı ağacların içərisində quraşdırılmış, yolun hərəkət zolağında olarkən görünmür. Yol Patrul Xidməti əməkdaşının çəkdiyi fotoşəkillərdən də görünür ki, həmin vaxt məcburi dayanmada halı olduğundan qəza işıqlarını yandıraraq dayanmışdır. Belə ki, övladının halı pisləşdiyi üçün yolun kənarındakı köşkdən su almağa getmiş, bu vaxt YPX tərəfindən cərimələnmişdir. Hesab edir ki, qeyd edilən halda inzibati xəta hadisəsi olmadığından məhkəmə inzibati xəta haqqında icraata xitam verməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin mahiyyətinə uyğun çıxış edərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq elektron qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28625098 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28625098 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 həmin tarixdə “Kia Sorento” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 346.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 40 AZN cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 3 ədəd fotoşəkillərdən məlum olur ki, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin, həmin avtomobildə sürücünün olmaması əks etdirən və 5.14 yol nişanın fotoşəkli elektron qərara əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 302 saylı TSEK müayinə aktına əsasən 2013-cü il təvəllüdlü X4 uşaqların sağlamlıq imkanları məhdudluğu meyarlarının 4.14.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhduddur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Kia Sorento” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin durması zamanı qeydə alınmış inzibati xətalara görə şikayətçi X5 təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, onun təqsirli olması sübuta yetirilməmiş, həmçinin məcburi dayanma halının olub-olmaması araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən inzibati məsuliyyətə səbəb olan nəqliyyat vasitəsinin 5.14 yol nişanın əhatə dairəsində durması faktı öz təsdiqini tapmır. Belə ki, YPX əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin, nəqliyyat vasitəsində sürücünün olmaması, 5.14 nömrəli yol nişanının fotoşəkilləri çəkilərək mövcud elektron qərara əlavə edilsə də, nəqliyyat vasitəsinin yol nişanın təsir dairəsində durmasını əks etdirən əlavə fotoşəkillər çəkilərək elektron qərara əlavə edilməmişdir. Bundan başqa çəkilmiş fotoşəkildə avtomobilin ön hissəsinin sərnişin oturacağında başı aşağı vəziyyətdə sərnişinin olması görünür. Həmin fotoşəkil və şikayətçi tərəfindən uşağının əlil olmasını təsdiq edən arayışın təqdim edilməsi, həmin vaxt məcburi dayanma halının olması ehtimalını yaradır. Həmin ehtimalın yaranması şikayətçi Ülviyyə Cəfərovanın təqsirli olması barədə əsaslı şübhələrə səbəb olur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28625098 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən məcburi dayanma — texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28625098 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28625098 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 (qərarda qeyd edilmiş X6) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 (qərarda qeyd edilmiş X6) adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli, EQ28625098 saylı elektron inzibati tənbeh vermə haqqında elektron qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2011/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2011/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver