Məhkəmə qərarları › İş №3(060)-2020/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2020/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2020/2022 03.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Kənan Osmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Abşeron rayonu, Fatmayi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən Neft-Kimya zavodunun qarşısında qanunsuz olaraq narkotik vasitələrin istifadəsində, gəzdirilməsində şübhəli olduğu üçün bölməyə gətirilmiş və üzərinə axtarış keçirilərkən üzərindən 0,08 qram marixuana aşkar edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Kənan Osmanov göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən Neft-Kimya zavodunun qarşısında saxlanılaraq PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilən zaman Şəxs üzərindən 2 ədəd ağ rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik yaşıl rəngli qurudulmuş ot kütləsi maddə aşkar olunaraq götürülmüşdür. İş üzrə aşkar edilmiş bitki kütləsinin növünün və ümumi xalis çəkisini müəyyən etmək məqsədi ilə məhkəmə-bioloji ekspertiza təyin edilmiş, müvafiq rəy alınması üçün 2009 nömrəli məktubla xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilmiş və həmin idarədən alınmış xx.xx.2022-ci il tarixli rəy ilə müəyyən edilmişdir ki, Şəxs üzərindən aşkar olunan təmiz çəkisi “0,08” qram olan narkotik vasitə olan “marixuana”-dır. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 20:00-da narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün onu aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlır. O, PB-nə getməkdən imtina etməmiş, PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübütün olubolmadığı sual olunan zaman özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd üzərində kent yazıları olan siqareti, 1 ədəd ağ rəngli kağız bükümünü təqdim etmişdir. Həmin üzərində kent yazıları olan siqaretə baxış zamanı siqaret kötüyünün üzərində olan borunun içərisinə yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin yığıldığı aşkar edilmişdir. Həmin marixunanı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində örüş sahəsindən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamış, istifadəyə hazır tütün ilə qarışdırmışdır. Hazırda əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşdən görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan 7/848 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim olunmuş iki ədəd kağız bükümdəki qarışıq kütlələrin tərkibində olan marixuanaların ümumi çəkisi 0.08 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. İş materiallarında olan 4227 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11-ci maddəsinə əsasən, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 350 (üç yüz əlli) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan qalıq çəkisi 0,04 qram marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar