Məhkəmə qərarları › İş №3(060)-2025/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2025/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2025/2023 04.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru, polis serjantı İsa Hüseynov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 327.1 və 333.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 10:48-də “MR7151 AH Gelii minik” markalı **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən İXM-nin 327.1 və 333.1ci maddələrində nəzərdə tutulmuş inzibti xətalar törədilmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 21 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 04 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, protokol tərtib olunduğu gün o, spirtli içki qəbul etməmişdir. O, xx.xx.2023-cü il tarixdə avtomobili idarə edərkən polis əməkdaşları onu saxlamış, ondan alkoqol sərxoşluq vəziyyətinin yoxlanılmasını bildirərək ona alkotester cihazına nəfəs verməsini bildirmişdir. O da alkotester cihazına nəfəs vermiş və sərxoş olmaması barədə qəbz verilmişdir. Qeyd olunanların nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İXM-nin 327.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolla İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində YPX-nin əməkdaşı İsa Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolda Şəxs saat 10:48-də nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi qeyd olunsa da protokola əlavə olunmuş alkotestr qəbzində sonuncunun 16 iyul 2023-cü il saat 23:32-də 1.635 promil sərxoş olması qeyd olunmuşdur. Göründüyü kimi, alkotestr qəbzinin tarixi 3 gün əvvələdir. Bundan başqa məhkəmə qeyd edir ki, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilmədən İXM-nin 69.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, İXM-nin 69.2-ci maddəsində imperativ norma kimi nəzərdə tutulmuşdur ki, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Qeyd olunanlara əsasən hazırki materialda olan alkotester qəbzi sübut kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, Şəxs məxsus AC 222537 № li sürücülük vəsiqəsi B və C kateqoriyalar üzrə xx.xx.2016-cı ildən xx.xx.2026-cı ilədək etibarlıdır. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar