Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2026/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə 12 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X11 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X7 xx.xx.2024-cü il tarixdən, X12 və X13 isə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Həmin şəxslərin Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəb edilməsi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” portalında olan məlumatlar əsasında müəyyən edilmişdir. Belə ki, Şəxs MMC həmin portal vasitəsi ilə qeyd edilən şəxslərə işğaldan azad olunmuş ərazilərə giriş üçün işçi kimi icazə almışdır. Lakin, bundan sonra həmin şəxslərlə əmək müqaviləsi bağlamamış və əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. İşğaldan azad edilmiş ərazilərə daxil olan olmaq üçün icazə almış şəxslərin nə vaxt həmin ərazilərə daxil olmaları və ya harada çalışmaları barədə dəqiq informasiya verə bilməz. Çünki, icazəsi olan şəxslər həmin ərazilərə daxil olarkən DİN tərəfindən bunun qeydiyyatı aparılmır və bununla bağlı məlumatlar portala daxil edilmir. Postlarda şəxslərin sadəcə icazəsinin olması yoxlanılaraq azad edilmiş ərazilərə buraxılır. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, X8, X12 və X13 həmin MMC-də hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Onlar podratçı kimi Kəlbəcər şəhərində 960 yerlik məktəbin tikintisini həyata keçirirlər. Tikinti fəaliyyəti zamanı "xxxx" MMC ilə də xidmət müqaviləsi bağlamışlar. Ola bilsin ki, adları qeyd edilən şəxslər həmin MMC ilə xidmət və ya əmək müqaviləsi əsasında işlərə cəlb edilmişdir. Bəlkə də heç belə fəaliyyətə cəlb də edilməmişdir. Qeyd etdiyi kimi bunu ehtimal edir. Ola bilsin həmin şəxslər heç iş şəraitini bəyənmədiyi üçün oraya getdikdən sonra işləməkdən imtina etmişlər. Ancaq hər bir halda həmin şəxslərə icazəni "xxxx" MMC almışdır. Lakin, "xxxx" MMC podratçı şirkət kimi birbaşa qeydiyyatdan keçmədiyindən hər hansı şəxslərin işğaldan azad edilmiş ərazilərə keçməsinə icazə ala bilmədiyi üçün icazəni podratçı şirkət kimi Şəxs MMC-nin adına qeyd etmişlər və bu icazənin özü də sistemə Şəxs MMC tərəfindən deyil, sifarişçi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən daxil edilmişdir. Şəxs MMC-nin 100-dən artıq işçisi var, həmin işçilərin hamısına görə MMC özü müvafiq sistemdə icazə almış və hamısı ilə də müqavilə bağlanmışdır. Bundan əlavə bildirmişdir ki, X14 Xidməti hər hansı fakt əsasında deyil, ehtimallar əsasında hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Belə ki, hər hansı şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi iddia edilsə də, bunun konkret vaxtı və yeri, hansı işlərə cəlb edilməsi və s. kimi hallar müəyyən edilmir. Bu hallar özü də bir daha təsdiq edir ki, hər hansı inzibati xəta törədilməmişdir, yalnız ehtimallara görə əsassız protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 12 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X7 xx.xx.2024-cü il tarixdən, X12 və X13 isə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da həmin MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş olan portal çıxarışından görünür ki, X7, X12 və X5 işğaldan azad edilmiş ərazilərə girişləri üçün Şəxs MMC-nin adından icazə alınmışdır. İcazəni sistemə Azərbaycan Respublikası Elm və Təhis Nazirliyi daxil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhis Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 12 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC Kəlbəcər şəhərində 960 yerlik tam orta məktəb binasının tikintisi işlərinin satın alınmasına dəvət edilmişdir. İş materiallarında olan Şəxs MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış 15 mart 2024-cü il tarixli xidmət müqaviləsindən görünür ki, tərəflər Kəlbəcər şəhərində 960 yerlik tam orta məktəb binasının tikintisi işlərinin görülməsi layihəsində xidmətlərin göstərilməsi ilə bağlı razılığa gəlmişlər (qazanxana, elektrik və santexnik işləri). Beləliklə, məhkəmə müəyyən olunmuşdur ki, Şəxs MMC barsində inzibati xəta haqqında protokol “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında tərtib edilmişdir. Belə ki, X6 aparılmış araşdırma zamanı Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına əmək müqaviləsinin aşkar edilməməsi aşkar edilmişdir. Yalnız qeyd edilən fakt əsasında Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həm müfəttişlikdə aparılan araşdırma zamanı, həm də məhkəmə araşdırması zamanı Şəxs MMC-nin həmin şəxsləri əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən hər hansı əlavə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli; 2) işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Protokol tərtib etmiş orqanın nümayəndəsi portalda adları qeyd edilən şəxslərin MMC tərəfindən digər statusda deyil, məhz işçi statusu ilə portaldan qeydiyyatdan keçirilməsinə əsaslanmaqla onların işə cəlb edildiyini iddia etsə də, məhkəmə hesab edir ki, bu həmin şəxslərin hələ işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin sübut edilməsi üçün kifayət hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, icazə həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə daxil olmasından öncə alınmalıdır və icazə alındıqdan sonra həmin şəxslərin hər hansı səbəbdən (işə götürənin və işçinin müqavilə bağlamaqdan imtina etməsi və ya onların iradəsindən asılı olmayan bu və ya digər səbəblərdən) həmin ərazilərə getməməsi və işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi istisna edilmir. Yəni, müvafiq icazənin alınması gələcəkdə həmin şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini yalnız ehtimal etməyə kifayət edə bilər. Ehtimal əsasında isə hər hansı şəxsin məsuliyyətə cəlb edilməsi və ya barəsində tənbeh tətbiq edilməsi yolverilməzdir. Hüquqda ümumi qəbul edilmiş prinsip və normalara əsasən hər hansı şəxsin əməlində inzibati xəta və ya digər hüquq pozuntusunun olmasını sübuta yetimə vəzifəsi müvafiq araşdırmanı aparan orqanın üzərinə üzərinə düşür. Sübut etmə dedikdə isə iş üzrə toplanmış sübutların elə məcmusu başa düşülür ki, onların birgə təhlili yekun və təkzib olunmaz nəticəyə gəlinməsi üçün kifayət etsin. İş üzrə gəlinmiş yekun qənaət isə ehtimal və fərziyyətlərə əsaslana bilməz. İndiki halda X10 Xidməti müvafiq icazə alındıqdan sonra həmin şəxslərin (icazənin alınması vaxtına münasibətdə gələcəkdə) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini iddia etməklə ehtimal və fərziyyətlər əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. X3 aparılan aradırma zamanı, həmçinin iş məhkəmədə olan zaman adları protokolda qeyd edilmiş X7, X12 və X5 işğaldan azad edilmiş ərazilərdə Şəxs MMC tərəfindən nə vaxt, harada və hansı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı hər hansı sübut əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, konkret fakt sübuta yetrilmədən, MMC-nin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll edilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklədə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, işin yuxarıda qeyd edilən faktiki hallarını və qüvvədə olan qanunverilcilik normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən həmin MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2026/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2026/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver