Məhkəmə qərarları › İş №3(060)-2027/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2027/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2027/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəlaiyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X4 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında şübhəli bilinərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şəxs üzərində olan bir sellofan bükümdə kütləni təqdim etmişdir. Bükümə baxış keçirilən zaman bükümdə qurudulmuş marixuanaya bənzər maddənin olmasımüəyyən edilmişdir. Həmin büküm çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar edilmiş edilmiş maddə ekspertizaya göndərilmiş və ekspert rəyinə əsasən həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. İş üzrə eyni zamanda məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, alınmış rəyə əsasən Şəxs İİ dərəcəli müddətsiz əlil olması səbəbindən ona məcburi müalicə təyin olunması mümkün deyil və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə işdən evə gələn zaman tanımadığı şəxsdən 10 manata narkotik vasitə olan qurudulmuş marixuana almış və şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır. Həmin tarixdə axşam saatlarında evinə yaxın yerdə polis əməkdaşları onu saxlayıb Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. İdarənin xidməti otaqların birində vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. O, üzərində olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümü Sumqayıt şəhəri ərazisində 10 manata almışdır. Hal-hazırda etdiyi əməldən peşmandır. Göstərilən halları, həmçinin İİ dərəcəli əlil olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şimal Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və İİ dərəcəli əlil olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və işdə olan digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 21:30 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılmış və idarədə şəxsi axtarış zamanı üzərindən 0,698 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə Sumqayıt ŞPİnin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan və və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müyyən edilmişdir ki, şəxsi axtarış zamanl Şəxs əynində olan şalvarın cibindən çıxarıb bir büküm təqdim etmiş, bükümün içərisində qurudulmuş marixuanaya bənzər kütlər aşkar edilmişdir. Həmin kütlə bükümü ilə birlikdə çəkilərkən çəkisinin 0,9 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan marixuana olmasını, həmin narkotik vasitəni Suqmayıt şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4884 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə .istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/700 saylı məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Vət: Şəxs üzərindən aşkar edilmiş maddi sübut; 1. /imza/ Nəsirov; 2. /imza/ Məmmədov.N.F; Qablaşdırdı: /imza/ S.Qənbərov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,698 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın çəkisi 0,698 qram, tədqiqata təqdim edildi - 0,02 qram, qalıq - 0,678 qram. İş materiallarında olan 09 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs evli olmaqla himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı var və ümumi xəstəliyə görə İİ qrup əlildir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini, peşman olmasını, İİ dərəcəli müddətsiz əlil olmasını və evli olmaqla bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirilən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməli və onun barəsində inzibati cərimənin həddi müəyyən edilərkən İXM-in 31.4-1-ci maddəsinə əsasən bir gün müddətə təhqiqat zamanı tutulması da nəzərə alınmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən ekspertiza xərci dövlətə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək təhqiqat araşdırması zamanı tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlam kamerasında saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar