Məhkəmə qərarları › İş №3(060)-2028/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2028/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2028/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi AR ƏƏSMN yanında X5 Xidmətinin hüquq idarəsinin baş məsləhətçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1, vəkili Vəkil iştirakları ilə, Şəxs MMC barəsində (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi AR ƏƏSMN yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs MMC tərəfindən Əmək Məcəlləsinin (bundan sonra ƏM-nin) 7-ci (Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır) və 49-cu (Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir) maddələrinin tələblərinin tələbləri pozularaq Yusibova Samiranın ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X5 Xidmətinin hüquq idarəsinin baş məsləhətçisi X4 protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Elçin Əliyev məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta hadisəsi 22 avqust 2023-cü il tarixdə baş vermiş, inzibati xəta haqqında protokol isə 19 avqust 2024-cü il tarixdə tərtib edilmişdir. Bildirir ki, tərəflərindən inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil bildirdi ki, işçi ilə işəgötürən arasında əmək müqaviləsi 22 avqust 2024-cü il tarixdə bağlanmışdır. Müqavilədə işçinin işdə olma vaxtı həmin tarix qeyd edilsə də, Samira Yusibova faktiki olaraq işə 24 avqust 2024-cü il tarixdə çıxmışdır. Bu barədə hətta direktorun da iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Əlavə olaraq bildirir ki, baxmayaraq ki, əmək müqviləsi bildirişinin sistemə bir gün gec yerləşdirilməsində eyni zamanda sistemdə yaranmış nasazlıq da olmuşdur. Burada hüquqi şəxsin heç bir marağı olmamışdır. Bundan başqa işçi Samira Yusibovanın şikayəti başqa bir məsələ ilə bağlı olmuşdur. Qeyd olunanların nəzərə alınmasını icraata xitam verilməsini məhkəmədən xahuiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişdindən görünür ki, Samira Yusibova Şəxs MMC-də həkim köməkçisi vəzifəsinə təyin edilmişdir. İşçi ilə işəgötürən arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, işçinin işdə olma vaxtı kimi həmin tarix müəyyən edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sübutlar ilə tam təsdiq edilir İXM-nin 192.1-ci maddəsinə görə ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, ƏM-nin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. ƏM-nin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMCdə ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Samira Yusibova həmin şirkətdə işlərin yerinə yetirilməsinə cəlb etmiş, nəticədə inzibati xəta törətmişdir. Belə ki, Şəxs MMC ilə Samira Yusibova arasında əmək münasibətləri 23 avqust 2023-cü il tarixdə yaranmasına baxmayaraq işəgötürən işçini əmək müqaviləsi qüvvəyə minmədən, hüquq münasibətləri yaranmadan 22 avqust 2023-cü il tarixdə artıq işə cəlb etmişdir. Lakin Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatını, o cümlədən müəssisənin vəkilinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, işdəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Samira Yusibova Şəxs MMC-də xx.xx.2023-cü il tarixdə işə başlamış, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə törədildiyindən və həmin müddətdən 01 (bir) il keçdiyinə görə iş üzrə icraata İXMnin 53.1.6-cı maddəsinə görə xitam verilməlidir. Məhkəmə iclasında AR ƏƏSMN yanında X5 Xidmətinin hüquq idarəsinin baş məsləhətçisi X4 inzibati xəta hadisəsinin 22 avqust 2023-cü il tarixdə baş verdiyini, inzibati xəta haqqında protokolu isə 19 avqust 2024-cü il tarixdə tərtib etdiklərini qeyd edərək hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini bildirsə də, məhkəmə hesab edir ki, bu mövqe qanunun tələbi baxımından qəbul edilən deyildir. İş materiallarından görünür ki, X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC barəsində MN seriyalı ******* saylı protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, iş materialları xx.xx.2024-cü il tarixdə məhkəmədə daxil olmuşdur. Göründüyü kimi artıq iş materialları məhkəməyə daxil olanadək inzibati məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərar). İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Həmçinin İXM-nin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərar) Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar