Məhkəmə qərarları › İş №3(060)-2028/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2028/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2028/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının və həmin qərara üzrə tətbiq edilmiş 300 (üç yüz) manat cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun tərəfindən hərbi uçot qaydalarının pozulduğu üçün barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 300 (üç yüz) manat cərimə edilmişdir. Onun tərəfindən “Hərbi uçot qaydalarının pozulması” göstərilmişdir. O, həmin qərarla razılaşmır. Belə ki, o, evlidir, himayəsində üç azyaşlı övladları var. xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 onun övladlarıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə 3 uşağı olan şəxslər hərbi xidmətdən azaddırlar. Onun üç uşağı olduğu üçün hərbi xidmətdən azad edilməyini hesab edir Bu səbəbdən də o, hərbi qeydiyyat üçün xx.xx.2024-cü ilə qədər, növbəti dəfə SHXÇDX-nin Sumqayıt ŞBİ-nə gəlməli idi. Bu barədə onun hərbi biletinə müvafiq qeydlər edilməli idi. O, həmin dövrdə hərbi komissarlığa dəvət edilmədiyi üçün qeydiyyat üçün müraciətə ehtiyac olmadığını hesab edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin nümayəndəsi X10 izahatında bidlirmişdir ki, X8 2014-cü ildən başlayaraq hər üç ildən bir, yəni 2023-ci ilə qədər tibbi müayinədən keçmiş, lakin 2023-2024-cü illərdə müayinədən keçməmişdir. Həmin vaxt X5 hər hansı bildiriş göndərilməmişdir. Ona əvvələr möhlət verildiyi üçün yeni çağırış vərəqəsi göndərilməsi zərurəti olmamışdır, X8 möhləti başa çatdıqdan sonra özü könüllü gəlməli idi. Lakin, gəlməməklə hərbi uçot qaydalarını pozmuşdur. Çağrışçının gətirilməsi barədə Sumqayı şəhər Polis İdarəsinə də müraciət edilmiş, lakin oradan heç bir cavab alınmamışdır. 2025-ci ildə X5 SMS bildiriş göndərilmiş və bundan sonra o Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gəlmişdir. X5 inzibati cərimə 2023-2024-cü illərdə idarəyə gəlməməsinə görə tətbiq edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş qanunveriliyin tələbinə uyğun araşdırma aparılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinin rəisi X14 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 tərəfindən hərbi uçot qaydaları pozulmuş, buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 barəsində inzibati tənbeh onun 2023-2024-cü illərdə hərbi qeydiyyat qaydalarını pozmasına görə tətbiq edilmişdir. Lakin, onun 2023-2024-cü illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinə dəvət edilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinin nümayəndəsi isə X2 2023-2024-cü illərdə dəvət edilməməsini bildirmiş, şəxsin özünün bildiriş olmadan gəlməli olmasını bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2025-ci ildə X2 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinə dəvət edilməsi ilə bağlı bildiriş göndərildikdən sonra sonuncu çağırış üzrə gəlmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda və ona inzibati tənbeh vermə haqqında qərarda isə inzibati xətanın törədilmə vaxtı da qeyd edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, bu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 105.5.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən araşdırma aparılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar