Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2030/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverən qızının katibliyi Protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Qarakilsə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 24 iyul 2024-cü il tarixdə, saat 14:15 radələrində sürücü Şəxs Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi adlanan ərazidə idarə etdiyi “X7 5-T” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmə əməliyyatı həyata keçirərkən arxadan hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi velosipedlə avtomobilin arxa sol təkəri istiqamətində avtomobilin arxa sol təkərinə velosipedlə dəyib yerə yıxılmış, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis kapitanı X3 tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək bildirdi ki, o, Azərsu ASC-də sürücü işləyir və “X7 5-T” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:15 radələrində o, idarə etdiyi həmin avtomobillə Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi ərazisində məhəllə daxili yol ilə saatda 20 km sürətlə sola dönmə əməliyyatı həyata keçirərkən arxadan hərəkətdə olan velosipedçi azyaşlı onun idarə etdiyi avtomobilin arxa sol təkərinin yaxınlığında yerə yıxılmışdır. O, avtomobili idarə edərkən velosipedçini görməmiş, anidən soldan onun idarə etdiyi nəqliyyat vasitəsinə dəymişdir. Bundan dərhal sonra avtomobildən, hər şeyin qaydasında olmasına əmin olduqdan sonra avtomobilə əyləşərək yoluna davam etmişdir. Qeyd edir ki, hadisədə onun heç bir təqsiri olmamışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:15 radələrində o, özünə məxsus olan velosipedlə Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi məhəllə daxili yol ilə düzünə hərəkətdə olan zaman qarşısında hərəkət edən qara rəngli avtomobil anidən sola dönmə əməliyyatı həyata keçirib onun qarşısına çıxdığından o, avtomobilə toxunmamaqdan ötrü velosipedin sükanını sola çəkmiş və bu zaman velosipedlə birlikdə yerə yıxılmış eyni zamanda velosipedin təkəri avtomobilin arxa sol təkərinə çırpılmışdır. O, yerə sol əli üstə yıxıldığından xəsarət almışdır. Bundan sonra avtomobilin sürücüsü onunla maraqlanmayıb sürüb oradan getmişdir. Daha sonra o, ailə üzvlərinə bu barədə danışmış və atası Vüqar DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda Zərərçəkmiş şəxs şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zəzərçəkmiş şəxsin qanuni nümayəndəsi, atası Vüqar Şirinov dəymiş zərərin ödənilməsini tələb etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyevin 01 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan “MTE və PA Birliyi” X5 Sumqayıt şəhər Şöbəsinin məhkəmətibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1143 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol aşıq-baldır oynağının iç səthinin, sol pəncənin iç səthinin sıyrıqları. sol budun orta və yuxarı 1/3-nin bayır səthinin geniş ölçülü qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə iclasında tədqiq edilən 01 ədəd DVD diskə baxış keçirilən zaman məlum olur ki, qara rəngli, “X7 5-T” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhəllə arası yolla hərəkət edib sola dönmə əməliyyatı həyata keçirdiyi, bu zaman arxadan sürətlə eyni istiqamətdə hərəkət edən velosipedçi də sola dönərkən müvazinətini itirərək yıxıldığı, həmin vaxt velosipedin sürüşməsi nəticəsində velosipedin arxa təkəri avtomobilin arxa sol hissəsinə toxunur. Avtomobilin sürücüsü dərhal yerə düşür, velosipedçi ayağa qalxır, bundan sonra avtomobilin sürücüsü avtomobilə əyləşərək oradan uzaqlaşır. Videogörüntüyə baxış zamanı azyaşlı velosipedçinin öndə gedən avtomobili sanki ötüb keçməyə çalışdığı müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəmə ilk növbədə inzibati xəta hadisəsinin baş verib-verməməsini, əməldə inzibati xəta tərkibinin olub-olmamasını və ən vacibi baş vermiş hadisə ilə onun nəticəsi arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etməlidir. İş materiallarına əlavə edilmiş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 ədəd DVD diskdən aydın olur ki, hadisə baş verən zaman “X7 5-T” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisə vaxtı İXM-nin 327.1-327.6, 328 və 330-cu maddələrində sadalanan hər hansı qayda pozuntusunu etməmişdir. Belə ki, hazırkı iş üzrə Zərərçəkmiş şəxs idarə etdiyi velosipedi surətlə idarə edərək sanki qarşıda gedən avtomobili ötüb keçməyə çalışmış, lakin bu zaman müvazinətini itirirək yıxılmış, nəticədə velosipedin arxa təkəri eyni istiqamətdə olmaqla öndə gedən adı çəkilən avtomobilin arxa sol təkərinə dəymişdir. Video-görüntüdən tam aydın müəyyən edilir ki, hadisə zamanı Şəxs hər hansı təqsiri olmamışdır. Məhkəmə Zərərçəkmiş şəxs bədəni üzərində hadisədən sonra yüngül dərəcəli bədən xəsarətlərin yaranmasını qəbul edir, lakin hesab edir ki, bu xəsarətlər Şəxs təqsiri üzündən yaranmamış, yəni baş vermiş hadisə ilə onun nəticəsi arasında heç bir səbəbli əlaqə olmamışdır. İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, hazırki iş üzrə barəsində protokol tərtib edilmiş şəxsin hərəkətlərində qəsdən və ya hətta ehtiyatsızlıqdan törədilmiş hər hansı bir inzibati xəta tərkibinin əlamətləri olmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də nzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2030/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2030/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver