Məhkəmə qərarları › İş №3(060)-2036/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2036/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2036/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Xocavəndə rayonu, Muğanlı kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocavəndə rayonu, Muğanlı ə/d, Muğanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən 22 avqust 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətnda İXM-nin) 529.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 934/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi borclu Şəxs tərəfindən qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 22 avqust 2023-cü il tarixə təyin edilmiş, lakin Şəxs yazılı ərizə ilə müraciət edərək ödəniş ilə bağlı işin təxirə salınmasını məhkəmədən xahiş etdiyindən işə baxılması 01 sentyabr 2023-cü il tarixə təxirə salınmışdır. 22 avqust 2023-cü il tarixli məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-934/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 500,00 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona icraata başlama haqqında qərar və bildiriş rəsmi qaydada təqdim edilmişdir. İcra vərəqəsinin icra etməməsinin səbəbi kimi qeyd etmişdir ki, maddi imkanı olmadığında qeyd olunan borcu ödəyə bilməmişdir, lakin qısa müddət ərizdə hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. 01 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-934/2023 saylı xx.xx.2023cü il tarixli qərarına əsasən o, İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 500,00 manat məbləğində cərimə tətbiq edilmişdir. Hal-hazırda o məhkəmə qərarı ilə təyin olunmuş inzibati cəriməni tam olaraq ödəmişdir. Bu barədə ödəniş qəbzini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş ödəniş qəbzinin surətini, inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə İXM-nin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokol üzrə qeyd olunmuş 501,00 manatı X1 ödəmişdir. Məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və o, məhkəmə qərar qəbul edənədək ona təyin olunmuş inzibati cəriməni tam olaraq ödəmişdir. Beləliklə, Şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə cərimə məhkəmə qərarı qəbul edilənədək ödənildiyinə görə, o, inzibati məsuliyyətdən azad olunmalıdır. İXM-nin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin və o inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar