Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2038/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şıkayət vermiş şəxs X1 iştirakı ilə, Qusar rayon X5 X7 Yol Patrul inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə Qusar rayon X5 X7 Yol Patrul inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, sözügedən yolda ilk dəfədir hərəkət edir və o “Giriş qadağandır” nişanını görüb reaksiya verəndə artıq yolayrıcına daxil olmuşdur. Dərhal hərəkəti dayandırıb qəza dayanma işıqlarını yandırmış, bu zaman sağ tərəfdəki “məcburi sola dönmə” hərəkət zolağında YPX avtomobili gəlib dayanmış, amma yolda hərəkətin tənzimlənməsi üçün heç bir hərəkət icra etməmişdir. Yoldakı vəziyyəti qısa müddətə dəyərləndirmiş: mövcud vəziyyətdə irəli hərəkət etmək və yolayrıcı olduğuna görə geri hərəkət etmək qayda pozuntusu olacaqdır. Yolayrıcına çatmamış təxminən 15 metr qabaqdakı “məcburi sağa dönmə” (4.1.2 nişanı) nişanını görmədiyi üçün, sola dönməni də nəzərə almaq olardı, ancaq sola dönmək üçün hərəkət hissəsinin eni kifayət etməyəcəkmiş, bu da istənilən halda qayda pozuntusu olacaqdır. Bütün bunları nəzərə alaraq, o nəqliyyat vasitəsini hərəkət etdirməyi üçün heç bir istiqamət olmamışdır. Bu halda qərar qəbul edərək ehtiyatla, yəni yol hərəkətinin digər iştirakçılarına təhlükə yaratmamaqla geri hərəkət edib nəqliyyat vasitəsini sağa dönmə yerinə aparmağa çalışmış, lakin artıq yola başqa nəqliayyat vasitələri yığıldığı üçün çox geri getmək də mümkün olmamışdır. Ona görə də, yol nəqliyyat hadisəsi baş verməmiş, yenə də ehtiyatla, sağa dönmə manevrinə başlamış, yalnız sağa dönmə manevrini qurtardıqdan sonra YPX əməkdaşı YPX avtomobilinin sayrışan işıqlarını yandıraraq ona nəqliyyat vasitəsini dayandırmaq əmri vermişdir. Vəziyyəti aydınlaşdırmaq üçün heç bir sual vermədən qayda pozduğunu bildirmiş, əlaqə nömrəsi soruşmuş, avtomobilinə qayıtmış, inzibati xəta haqqında protokol və protokol əsasında qərar tərtib olunmuşdur. O, həmin qərardan narazıdır, onu qanunsuz, əsassız və ən başlıcası ədalətsiz hesab edir. Barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X2 şikayətində və məhkəmə baxışı iclasında izahat verərkən də yol hərəkəti haqqında qaydanı pozduğunu etiraf etmişdir, həmçinin izibati xəta haqqında materiallarda X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə Qusar rayon X5 X7 Yol Patrul inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə Qusar rayon X5 X7 Yol Patrul inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2038/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2038/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver