Məhkəmə qərarları › İş №3(060)-2039/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2039/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2039/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-cı ildə Masallı rayonu, Alışanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Alışanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci, 511.1.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23.05 radələrində “Opel Astra” minik markalı, 77PZ543 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXMnin 511.1.2-ci, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəticədə Şəxs barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23.05 radələrində “Opel Astra” minik markalı, 77PZ543 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs hazırda törətdiyi əməldən peşimandır və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Şəxs məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə edilmiş və cəriməni ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, törətdiyi əmələ görə peşimandır. Hadisə ilə əlaqədar cərimə olunub, 1 gün də bölmədə qalıb. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci, 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs barəsində tərtib edilmiş protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci, 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunsa da, həmin hallara dair məhkəməyə hər hansı bir sübut (vidoegörüntü, şahid ifadələri və s.) təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən sənədlər əsasında Şəxs sözügedən inzibati xətaları törətməsi nəticəsinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 53.2-ci maddəsi tətbiq olunmaqla, o, inzibati məsuliyyətindən azad edilməli və barəsində olan inzibati icraat materialına xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci, 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci, 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar