Məhkəmə qərarları › İş №3(060)-2040/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2040/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2040/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Fuad Həsənovun şikayətinə baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Fuad Həsənov şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Dövlət əmək müfəttişliyi xidməti tərəfindən 24 may 2022-ci il taridə MN № ******* saylı inzibati xəta haqqında protokol, 31 may 2022-ci il tarixli İXM-nin 469.2-ci maddəsinə əsasən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi baxılmadan şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətdə iznibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilsə də məhkəməyə şikayətdən başqa heç bir sənəd göndərilməmiş, həmçinin şikayətə mübahisələndirilən qərar əlavə olunmamışdır. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada şikayətlə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin icraçı direktoru Fuad Həsənovun məhkəməyə təqdim etdiyi şikayət natamam olduğundan, yəni mübahisələndirilən qərar şikayətə əlavə olunmadığından şikayət geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Fuad Həsənovun verdiyi şikayət ərizəsi Fuad Həsənova geri qaytarılsın. Şikayətçiyə izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar