Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2041/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Xankəndi rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsində kirayə evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən 05 avqust 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Xacalı Rayon Məhkəməsinin 2(070)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini üzrüsüz səbəbdən və qərəzli olaraq icra etməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Xaocalı Rayon Məhkəməsinin 2(070)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 856,80 manat pul borclu Şəxs tutularaq icra sənədi üzrə tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, məhkəmə qərarını üzürsüz səbəbdən icra etməmişdir. Borclu icra idarəsinə dəvət olunmuş, izahatı alınıb və 10 iyun 2022-ci il tarixli icraata başlama haqqında qərar və bildiriş ona xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Xaocalı Rayon Məhkəməsinin 2(070)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 856,80 manat pul ondan tutularaq icra sənədi üzrə tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Halhazırda qeyd olunan borcdan ödəniş etməyə maddi imkanı yoxdur. Heç yerdə işləmir, məcburi köçgündür. Qısa müddət ərzində borc tapıb qeyd olunan borcdan ödəniş edəcəyini bildirərək barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra haqqında Azərbaycan Respublikasinin Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2022-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borcluya 23 iyul 2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, işin qeyd edilən halı Şəxs sözü gedən icra sənədini üzürsüz səbəbdən icra etməməsi nəticəsinə gəlməyə əsas ola bilməz. Çünki icra məmuru tələbin könüllü icrası barədə bildirişi 23 iyul 2022-ci il tarixdə borcluya təqdim etsə də qısa müddət ərzində İXM-nin 528.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsi borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi anlamına gələ bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 05 avqust 2022-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2041/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2041/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver