Məhkəmə qərarları › İş №3(060)-2045/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2045/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2045/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 14 avqust 2025-ci il tarixli, İXP7339765 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 03 avqust 2025-ci il tarixdə saat 18:00 radələrində “Mitsubishi Pajero” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, H.Əliyev küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan svetoforun qırmızı işığında keçmiş və Mərkəz Plaza istiqamətində düzünə hərəkətdə olan X4 idarə etdiyi “X12” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Şəxs sürücülük vəsiqəsi olsa da, onun sürücülük hüququ cərimə ballarına məhdudlaşdırılmışdır. Hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış, veideogörüntü iş materialalrına əlavə olunmuş, sürücülərin izahatları alınmışdır. Göstərilən halları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini nəzərə alaraq barəsində inzibati cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, atasının səhhəti pisləşdiyi üçün TTY çağırmış, daha sonra TTY avtomobili ilə xəstəxanaya getmişdir. Yol bağlı olduğu üçün TTY avtomobilin qarşısına keçmiş, nəticədə qarşı tərəfdən gələn “X12” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Daha sonra o, zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, iş materiallarında olan video görüntülərdən hadisə ailə üzvünün səhhətinin pisləşməsi ilə əlaqədar baş vermişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin əsas məqsədi yolu açaraq həmin şəxsi xəstəxanaya çatdırmaq olmuşdur. Göstərilən halları nəzərə alaraq minimum həddə inizbati cərimə tətbiq edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünü etiraf edici izahatı, video görüntülər, yol-nəqliyyat hadisəsinin sxemi, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 avqust 2025-ci il tarixli, İXP7339765 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 03 avqust 2025-ci il tarixdə saat 18:00 radələrində “Mitsubishi Pajero” minik markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, H.Əliyev küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan svetoforun qırmızı işığında keçmiş, Mərkəz Plaza istiqamətində düzünə hərəkətdə olan X4 idarə etdiyi “X12” minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəymişdir. İş materiallarında olan məhrum olunmuş sürücülük vəsiqələrinin sıyahısı olan çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək məhdudlaşdırılmışdır. İş materiallarında olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Mitsubishi Pajero” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, H.Əliyev küçəsində svetoforun qırmızı işiğında keçərək Mərkəz Plaza istiqamətində düzünə hərəkətdə olan “X12” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə qeyd edir ki, X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə birgə həmin Məcəllənin 327.2 və 327.6-cı maddələri də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İXM-in 327.2 və 327.6-cı maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar