Məhkəmə qərarları › İş №3(060)-2047/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2047/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2047/2023 04.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X5 tərəfindən 25 avqust 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-8210/2019 saylı icra sənədinə əsasən Şəxs 22.030 manat tutulub tələbkar X6 ödənilməlidir. Borclu Şəxs üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 25 avqust 2023-cü il tarixə təyin edilmiş, lakin Şəxs yazılı ərizə ilə müraciət edərək icra sənədi üzrə ödəniş etmək və tələbkarla razılığa gəlmək üçün işin baxılmasını təxirə salınmasını məhkəmədən xahiş etdiyindən işə baxılması 04 sentyabr 2023-cü il tarixə təxirə salınmışdır. 25 avqust 2023-cü il tarixli məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8210/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 22.030,00 manat tutulub tələbkar X6 ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə idarəyə daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş və icraata başlama haqqında qərar qəbul edilərək borclu şəxsə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə borclu şəxs barəsində axtarış qərarı qəbul olunmuş, o xx.xx.2020-cü il tarixdə axtarış qərarı nəticəsində tutularaq idarəyə gətirilmiş və ona qərar və bildiriş təqdim olunuşdur. Halhazırda borclu şəxs bu günədək icra sənədi üzrə borcdan heç bir ödəniş etməmişdir. Bu səbəbdən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. 25 avqust 2023-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 22.030,00 manat tutulub tələbkar X6 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borcundan 10,000,00 manat ödəniş etməsi üçün ona on gün müddət verilməsini bildirmişdir. 04 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında o, 4.600,00 manat borcundan ödəniş etdiyini, qalıq borcunu da qısa müddət ərzində tam ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. 25 avqust 2023-cü il tarixli məhkəmə iclasında icra sənədi üzrə tələbkar X7 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 22.030,00 manat tutulub ona ödənilməlidir. Borclu şəxs 2019-cu il tarixdən bu günədək heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə qeyd olunan borcdan 15.000,00 manat ona ödəlilərsə qalan borcdan imtina edə bilər. 04 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında o, borclu Şəxs tərəfindən icra sənədi üzrə borcdan ödənilən 4.600,00 manat pulu qəbul etdiyini bildirərək borclu barəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. İş materialında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8210/2019 saylı, xx.xx.20219-cu il tarixli icra vərəqəsində səasən Şəxs 4.600,00 manat pulu tələbkar X7 qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədini üzrlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar