Məhkəmə qərarları › İş №3(060)-2050/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2050/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2050/2023 28.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhmədağa oğlunun, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil qıznın iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivindəki fərdi evdə yaşayan Şəxs Əhmədağa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 28 avqust 2023-cü il tarixdə Şəxs Əhmədağa oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2220 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 10.333,00 manat aliment borcunu borclu Şəxs Əhmədağa oğlu üzrsüz səbəbdən ödəməkdən yayınmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İcra məmurunun verdiyi məlumata əsasən icra sənədi üzrə tələbkar işdə olduğundan məhkəməyə gələ bilməmişdir, məhkəmə protokola tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2220 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Əhmədağa oğlunun 10.333,00 manat aliment borcu yığılmışdır. Borclu barəsində məcburi icra tədbirləri görülmüş, axtarış qərarı nəticəsində tutularaq icra idarəsinə gətirilmişdir. O özünün xəstə olduğunu bildirsə də bununla bağlı heç bir sənəd təqdim etmir, əksinə barəsində protokol tərtib edilib taksi ilə məhkəməyə gətirilərkən yolda maşından düşüb qaçmışdır. Lakin onu tutub məhkəməyə gətirmək mümkün oldu. Borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra etməməsinə və icra məmuru tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha öncə 2022-ci ildə də onun barəsində hazırki icra sənədini icra etmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir və o 10 gün müddətinə həbs olunmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhmədağa oğlu inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən yığılmış 10.333,00 manat aliment borcunu tələbkar X2 ödəmədiyinə onun barəsində protokol tərtib edilmişdir. Eyni məsələyə görə 2022-ci ildə 10 gün həbs olunub. Lakin o aliment borcu ilə bağlı ödəniş etməsə də 2014-cü ildə keçmiş arvadının gəlin gəldiyi atasına məxsus evi satıb Ruhiyyə İsmayılovaya 25.000,00 maat pul vermişdir. Tələbkar ilə aralarında razılıq olmuşdur ki, Ruhiyyə ondan heç nə tələb etməyəcək, lakin o bu barədə məhkəməyə rəsmi heç nə təqdim edə bilmir. Hazırda sarılıq xəstəsi olsa da evdə müalicə olunduğundan məhkəməyə rəsmi sənəd təqdim edə bilmir. Hal-hazırda aliment borcundan ödəniş edə bilmir, lakin gələcəkdə hissə-hissə borcundan ödəniş edəcək. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra işində olan sənədlər tədqiq edilmiş, lakin borclunun alimentlə bağlı tələbkarla aralarında razılığın olmasına dair sənəd aşkar olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs Əhmədağa oğlu qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs Əhmədağa oğlu tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Əhmədağa oğlu İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs Əhmədağa oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədini üzürlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs Əhmədağa oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimak Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Əhmədağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 14:05-dən hesablansın. Qərar dərhal icra edilməklə, icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Əhmədağa oğluna Şimal Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar