Məhkəmə qərarları › İş №3(060)-2052/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2052/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2052/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar məhkəməyə daxil olmuşdur. Qeyd edilən protokollar məhkəmənin qərardadı ilə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN 102 xidməti zəng mərkəzinə müraciət edərək və ərizə yazaraq yaşadığı ünvanın blokunda saxladığı 100 manat dəyərində velosipedin oğurlanması barədə məlumat vermişdir. Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən Şəxs izahatında etdiyi əməli səmimi olaraq etiraf etmiş, həmçinin narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Buna görə də Şəxs tibbi müayinədən keçirilmiş və müayinə zamanı Şəxs narkotik vasitə olan marixuanadan ivə psixotrop maddə olan metamfetamin istifadə etdiyi aşkar edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrinin tərkib əlamətləri müəyyən edildiyindən müvafiq inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsiini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. xx.xx.2025-ci il tarixdəsaat 02:30 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29 saylı bloka daxil olmuş, orada 01 ədəd kiçik ölçülü velosipedi oğurlamışdır. Oğurladıqdan 5-10 dəqiqə sonra onu polis əməkdaşları saxlayaraq bölməyə gətirmişlər. Bölmədə verdiyi izahatında oğurluq etdiyini və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Buna görə də o, tibbi müayinəyə cəlb olunmuş və müayinə zamanı Şəxs narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Hazırda velosiped zərərçəkmiş şəxsə qaytarılmış və sonuncu ilə barışıq əldə olunmuşdur. Əməlindən peşmandır. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında işirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02:30 radələrində naməlum şəxs tərəfindən Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20/29 saylı blokda saxladığı və uşağı üçün aldığı 100 manat dəyərində velosiped oğurlanmışdır. Buna görə də o, bu barədə Azərbaycan Respublikası DİN 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən həmin hadisənin Şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Hal-hazırda velosiped ona qaytarılmışdır. Şəxs ilə onun arasında barışıq əldə olunmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı müvafiq ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafə etdiyi şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. Həmiçinin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi proses tam sübuta yetirilir. Belə ki, iş materiallarında “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamada Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci və 206-cı maddələri inzibati xəta haqqında araşdırma aparılması üşün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə gödnərilmişdir. İş materiallarında olan 13 avqust 2025-ci il tarixli sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs götürülmüş nümunədə onun narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamin qəbul etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4954 saylı rəydən görünür ki, mayinə zamanı Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıqsindromu (narkomaniyaxətəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş diskdə olan video görüntülərdən görünür ki, Şəxs çoxmənzilli yaşayış binasının dəhlizindən 01 ədəd velosipedi gizli olaraq götürür. İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış, ona dəymiş ziyan sonuncu tərəfindən tam ödənildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Şəxs xırda talama etməsi, həmçinin narkotik vasitədən istifadə etməsi, yəni Azərbaycan Respublikası İXM-in 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar olmasa da, İXM-in 227-ci maddəsi ilə inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ona vurduğu zərəri tam ödədiyini və sonuncu ilə barışdığını bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMin 206-cı maddəsi ilə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görəüç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 206cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbs etmənin əvvəli onun saxlanıldığı 13 avqust 2025-ci il tarixdən saat 18:20dən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası inzibati həbs və şəxsin məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinə əsasən 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi ümumilikdə 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 13 avqust 2025-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və Şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar