Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2054/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29855134 saylı elektron inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29855134 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, barəsində xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta tərkibli əməl törətdiyi iddiası ilə elektron qərar tərtib edilmiş və 80 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qərar EQ 29855134 nömrəsi ilə rəsmiləşdirilmişdir. Qərarda göstərilən iddia ilə razılaşmır və aşağıdakı əsaslarla həmin qərarın ləğv edilməsini xahiş edir: 1. Hadisə baş verdiyi ərazidə “Dayanma və durma qadağandır” yol nişanı və ya bu məzmunda hər hansı qadağanedici işarə mövcud deyil. Bu isə dayanma/durma ilə bağlı inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biridir. 2. Avtomobilin yolun hərəkət hissəsini tam bağlamamış, yolun sol tərəfində digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün kifayət qədər zolaq qalaraq saxlanılmışdır. 3. Həmin an avtomobildə olmuşdur və fotolarda da əyləc işıqlarının yanılı olduğu aydın görünür. İnzibati xəta tərkibli əməl baş vermədiyi halda barəsində elektron qərar çıxarılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş “günahsızlıq prezumpsiyası” prinsipinə ziddir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli EQ29855134 nömrəli elektron inzibati qərar ləğv edilməyini və barəsində tətbiq edilmiş 80 (səksən) manat məbləğində inzibati cərimə silinməyini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzinin yaxınlığında avtomobilini saxlamaq üçün digər “BMW” markalı avtomobilin çıxmağını 2-3 dəqiqə ərzində gözləmiş, həmin avtomobil çıxdıqdan sonra avtomobilini onun yerində saxlamışdır. Elə bu vaxt onu müşahidə kamerası çəkmiş və barəsində xx.xx.2025-ci il tarixli EQ29855134 nömrəli elektron inzibati qərar qəbul edilərək 80 manat məbləğində cərimə olunmuşdur. Lakin bildirmişdir ki, həmin qərar qanunsuz və əsassızdır. Çünki həmin yerdə dayanma və durmanın qadağan olunmasını göstərən yol nişanı yoxdur və hadisə zamanı maşının içərisində olmuş, hətta fotoşəkillərdən əyləc işıqlarının yanılı olduğu aydın görünür. Həmçinin qeyd etmişdir ki, həmin yolda sarı xətt yoxdur, deməli tərtib olunmuş qərar qanunsuzdur. Bundan başqa bildirmişdir ki, onu müşahidə kamerasının DYP-ə çəkdiyi videogörüntüləri göndərmək səlahiyyəti olmasa da, müşahidə kamerası onu həmin vaxt çəkib və videogörüntüləri DYP-ə təqdim edib. Hesab edir ki, o, heç bir qayda pozuntusu etməmişdir. Şikayətinin təmin edilməsini və xx.xx.2025-ci il tarixli EQ29855134 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29855134 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29855134 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 “AUDİO Q7 MİNİK” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili Nərimanov küçəsində saxlayarkən Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçinin barəsində tərtib edilmiş akt elektron qərar olmaqla, tərtib olunma qaydası İnzibati Xətalar Məcəlləsində 115-ci və 122.3-cü maddələrində öz əksini tapmışdır. Həmin Məcəllənin 122.3.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilməlidir. Qeyd olunan xüsusatlar da şikayətçi tərəfindən təqdim edilmiş sənədlərdə mövcuddur. Məhkəmə hesab edir ki, şikayətçinin qeyd etdiyi dəlilləri elektron qərarın ləğv edilməsi üçün əsas deyil. Belə ki, yaxın və uzaq məsafədən çəkilmiş fotoşəkillərdən görünür ki, elektron qərarın tərtib olunduğu yerdə şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsi dayanır, avtomobilin tormoz işıqları da işlək vəziyyətdədir. Nəqliyyat vasitəsinin dayandığı yer ikinci cərgədir, yəni ondan sağ istiqamətdə yolun çiynində digər nəqliyyat vasitələri dayanıb. Yol hərəkəti haqqında qanunun 52-ci maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. X2 aşkar şəkildə qeyd edir ki, yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanma birmənalı şəkildə qadağandır və inzibati məsuliyyətə səbəb olur. Şikayətçinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, ərazidə “dayanma və ya durma qadağandır” yol nişanın olub-olmaması inzibati məsuliyyətin əsaslarına təsir edən hal deyil. Nəqliyyat vasitəsinin 2-3 dəqiqə gözləməsi olsa belə qadağan edilmiş yerdə dayanması inzibati məsuliyyətə səbəb olur. Dayanma və durmağa icazə verilmiş yerdə nəqliyyat vasitəsinin həmin yerdən çıxma ehtimalının olması, digər nəqliyyat vasitəsinin ikinci cərgədə onu gözləməsinə əsas vermir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində da nəqliyyat vasitəsinin dayanması və durmasına anlayış verilmişdir. Nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Məcburi dayanma — texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakı kimi göstərilmişdir. 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 346.4-cü maddəsinin dispozitiv şərtlərindən görünür ki, həmin maddənin tərkibinin yaranması üçün yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durmasıdır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29855134 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29855134 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2054/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2054/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver