Məhkəmə qərarları › İş №3(060)-2059/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2059/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2059/2023 28.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 1-ci X3 Camal Fəhrad oğlu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində Sumqayıt şəhər, Saray körpüsü istiqamətində YPX və PPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:10 radələrində Sumqayıt şəhər, Saray körpüsü istiqamətində YPX və PPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Raportlar əsasında protokol tərtib etmişdir. Odur ki, qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. “Kia Rio” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Rusiya vətəndaşı olan müştərini avtovağzala aparan zaman sağa dönərkən yol polisi əməkdaşı onu xətti keçdiyi üçün saxlamış, o da xətti keçmədiyini bildirmiş, ona videogörüntü olduğu bildirilmiş, o da ona göstərilməsini xahiş etdikdə videoörüntünü ona göstərməmişdir. O da artıq işin bitdiyini düşünərək sürüb getmişdir. Bu zaman yol polis əməkdaşı yenidən onun arxası ilə gələrək saxla əmri vermiş, o da qayda pozuntusu törətmədiyini, niyə saxlamalı olduğunu bildirərək saxlamamışdır. Müştərini düşürüb gələn zaman Saray qəsəbəsində işıqforun qarşısında yolunu kəsib onu saxlamışlar. Bundan sonra post patrul əməkdaşları da oraya gəlmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, şəxs hesab etmişdir ki, günahı yoxdur. Yanında xarici vətəndaş olmuş, əməlinin mahiyyətini anlamamışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis baş serjantı X7 bildirdi ki, sürücü qayda pozuntusu törətmişdir. Şəxs idarə etdiyi “Kia Rio” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili Heydər Əliyev küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını pozduğuna görə saxlamış, törətidiyi qayda pozuntusu ona izah edilmiş, protokol tərtib etmək istəyərkən o, qayda pozuntusu törətmədiyini bildirərək sürüb getmişdir. O da yenidən həmin şəxsin arxası ilə getmiş, saxla əmri vermiş, sürücü saxlamış, o, düşüb gəlincə şəxs yenidən sürüb getmişdir. Bir neçə dəfə saxla əmri verməsinə baxmayaraq şəxs tabe olmamış, işıqforda dayanan zaman yaxınına sürmüş, lakin o, heç bir qayda pozuntusu törətmədiyini bildirərək sürməyə davam etmişdir. Bundan sonra digər əməkdaşların köməyi ilə onu saxlamışlar və polisin qanuni tələbinə əməl etmədiyinə görə Sumqayıt şəhər Pİ-nin 1 PB-nə gətirmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ PPXT polis nəfəri, polis serjantı X5 bildirdi ki, 17-ci mikrorayon ərazisində xidmətdə olan zaman YPX əməkdaşı kömək istəmiş, onlar hadisə yerinə getmişlər. Həmin şəxs polis əməkdaşı ilə mübahisə etdiyinə görə həmin şəxsi nizam-intizama dəvət etmişlər, şəxs tabe olmamışdır. Onlar həmin şəxsin qollarından tutub avtomobilə əyləşdirmişlər, şəxs söyüş söymüşdür. Onlar həmin şəxsi 1-ci bölməyə təhvil vermişlər. Şəxs onların da tələblərinə tabe olmamış, avtomobilə əyləşmək istəməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ PPXT polis nəfəri, polis serjantı X8 ifadəsində şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 4585 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti və narkotik maddə qəbulu faktı aşkarlanmamışdır. İş materiallarında olan diskdən görünür ki, YPX əməkdaşı tərəfindən sürücü saxlanılmış, qayda pozuntusu törətməsi ona izah edilmiş, sürücü heç bir qayda pozuntusu törətmədiyini bildirərək yol polisi əməkdaşının icazəsi olmadan avtomobili sürüb getmiş, YPX əməkdaşı həmin sürücünün arxası ilə gedərək ona saxla əmri vermiş, sürücü avtomobili saxlamış, yenidən yol polis əməkdaşının icazəsi olmadan avtomobili sürüb getmiş, yol polis əməkdaşının dəfələrlə saxla əmri verməsinə və tabesizlik göstərməməsi kimi qanuni tələblərinə baxmayaraq sürücü tabesizlik göstərərək polis əməkdaşlarının göstərişlərinə riayət etməmiş, onu yalnız iradəsinə zidd olaraq saxlamaq mümkün olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin, şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs davamlı olaraq yol polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək tabesizlik göstərmiş, hadisə yerinə kömək məqsədi ilə gələn post patrul əməkdaşlarının da qanuni tələbinə tabe olmayaraq qanun pozuntusu törətmişdir. Bununla da Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğu təsdiq edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 avqust 2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, 28 avqust 2023-cü il tarixdə saat 15:10-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun hərəkətlərinin davamlılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli 27 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X1rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs 27 avqust 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, 28 avqust 2023-cü il tarixdə azad edilmişdir. Lakin məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar