Məhkəmə qərarları › İş №3(060)-2064/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2064/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2064/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, Qorkiy küçəsində işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotik vasitələrdən istifadə etməsi faktı aşkar olunmuşdur. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024cü il tarixdə, saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi “OPEL VECTRA” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Dədə Qorqud restornanın yaxınlığında hərəkətdə olan zaman yol polis əməkdaşları onu saxlamışdır. Bundan sonra inspektor ondan narkotikdən istifadə etməkdə şübhələndiyi üçün ona Sumqayıt şəhəri Narkoloji Dispanserdə müayinədən keçməyi təklif etmiş, o etiraz etməyərək polis əməkdaşları ilə birlikdə tibbi müayinəyə getmişdir. Narkoloji Dispanserdə ekspress test üsulu ilə müayinə zamanı marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Həkim ona bildirmişdi ki, yüngül dərəcəli olduğunu bildirmişdir. O, 3 gün əvvəl əmisi oğlunun toy məclisində içki içəndən sonra tanışları ilə ona məxsus avtomobilə əyləşmiş, avtomobildə 5 nəfər olmuşlar, bundan sonra həmin şəxslər avtomobildə narkotik vasitə olan marexuana istifadə etmişlər. O, da qapalı məkan olduğundan həmin narkotik vasitənin tüstüsünü özü də bilmədən qəbul etmişdir. Bundan sonra o özünü piss hiss etmiş, başı gicəllənmiş, ürəyi bulanmışdır. O, ümumiyyətlə heç bir vaxt narkotik vasitə istifadəçisi olmamışdır. Qeyd edir ki, 1 ildir taksi fəaliyyəti ilə məşğul olur. Evlidir, himayəsində 2 övladı var. Hazırda kirayə də qalır, ailəsinin tək gəlir mənbəyi odur, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsininin dolanışığını təmin edir. Məhkəmədən sürücülük hüququnun məhdudlaşdırılmamasını, inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs ona ünvanlanmış suala cavab olaraq, məhkəmə iclasındaki izahatından fərqli olaraq, DYPŞ-də olarkən etirafedici məzmunda izahat verməsini həmin vaxt həyəcanlı olması ilə izah etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 2565 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:20-də müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, sonuncu öz əməlini etiraf edərək narkotik vasitə qəbul etməsini etiraf etmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 2565 nömrəli protokoldan görünür ki, “OPEL VECTRA” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 2565 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Məhkəmə Şəxs özünü tərtib edilmiş protokol üzrə təqsirli bilməməsi ilə bağlı fikirlərinə tənqidi yanaşaraq hesab edir ki, o, cari məhkəmə iclasında məsuliyyətdən yayınmaq və məsuliyyətini yüngülləşdirmək üçün bu məzmunda izahat vermişdir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir, məhkəmə iclasında tədqiq edilən digər sübutlarla tam təkzib edilir. Onun əməli yuxarıda qeyd olunan hallarla tam sübuta yetirilir. Bundan başqa məhkəmə bir halı da vurğulayır ki, Şəxs sonda məhkəmədən barəsində olan həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əvəzinə sürücülük hüqununun məhdudlaşdırılmamasını, cərimə edilməsini xahiş etmişdir. Belə olanda halda məhkəmə hesab edir ki, Şəxs dolayısı ilə özünü təqsirli hesab etmiş, lakin özünü təqsirli bilməyərək gətirdiyi dəlillər məsuliyyətdən yaxa qurtarmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə ilə edilmişdir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”-nə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrdən istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan o, İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə vurğulayır ki, Şəxs narkotik vasitədən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməklə nəinki özünün, o cümlədən yol hərəkətinin digər iştirakçılarının da həyatını və sağlamlığını risk və təhlükə altına atmışdır. Məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxsnin şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, əmlak vəziyyətini, əməlini yüngülləşdirən halları, o cümlədən həm Şəxs, həm də digər sürücülər tərəfindən gələcəkdə eyni məzmunlu inzibati xətanın törədilməsinin qarşısının alınmasını təmin etmək məqsədilə sonuncunun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırması növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar