Məhkəmə qərarları › İş №3(060)-208/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-208/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-208/2025 21.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin YPX baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. 21 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 21.38 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində svetaforun qadağanedici işığında dayanarkən qarşısında dayanan “Volsvagen” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq həmin avtomobilə maddi ziyan vurmuşdur. 21 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 11.00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yolun kənarında dayanan “Mercedes” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-208/2025 saylı qərardadı ilə Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-207/2025 və 3(060)- 208/2025 nömrəli işlər bir icraatda 3(060)-208/2025 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X5 Şöbəsinin YPX baş nspektoru X2 tərtib etdiyi protokollara uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 1-ci hadisə Sumqayıt şəhəri ərazisində “Səməd” marketin yanından məhəlləyə girən zaman qarşısına avtomobil çıxmış, avtomobili sol istiqamətdə idarə etmiş və onun idarə etdiyi avtomobil sürüşərək digər avtomobillə toqquşmuşdur. 2-ci hadisə Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində svetaforun qadağanedici işığında dayanıb gözləyəndə sürücü ayağını əyləcdən çəkmiş və idarə etdiyi avtomobil qarşıda dayanan avtomobillə toqquşmuşdur. Hər iki avtomobilə maddi ziyan dəydiyi üçün avtomobillərin sahibləri ilə razılaşaraq bir həftəyə və 10 günə onlara dəyən ziyanı ödəyəcəyini bildirmişdir. Lakin, maddi vəziyyəti ilə əlaqədar olaraq ödəniş gecikmiş və zərərçəkmiş şəxslər Sumqayıt şəhər DYPŞ-yə şikayət etmişdir. Onun sürücülük vəsiqəsi olmamış və bu günədək zərərçəkmiş şəxslərə heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxslərə dəyən zərəri ödəmək istəyini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirini səmimi etiraf etdiyini, ziyanı ödəməyə hazır olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünü etirafedici izahatı, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 21 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21.38 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində svetaforun qadağanedici işığında dayanarkən qarşısında dayanan “Volsvagen” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 11.00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yolun kənarında dayanan “Mercedes” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar