Məhkəmə qərarları › İş №3(060)-2081/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2081/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2081/2023 29.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 29 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, Novxanı çimərliyində X4 və X3 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus “Samsung A5 markalı” mobil telefonunu oğurlamışdır. Bununla da Zərərçəkmiş şəxs 100 manat maddi ziyan vurmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 29 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:25-də Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sistemindən daxil olmuş məlumatda vətəndaş Zərərçəkmiş şəxs zəng edərək Sumqayıt şəhəri, Novxanı çimrəliyində özünə məxsus “Samsung A5 markalı” mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Görülmüş tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus mobil telefonu Şəxs dostları X4 və X3 ilə birlikdə oğurlamışdır. Araşdırma zamanı Şəxs tutularaq PB-nə dəvət olunmuş, izahatı alınmış və oğurladığı mobil telefonu Bakı şəhəri, 20 Yanvar metrosunun yanında olan maqazinə Müsayib adlı şəxsə 50,00 manata satdıqlarını bildirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov HK-1/2106 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, Novxanı çimərliyində dostları X4 və X3 ilə birlikdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs məxsus “Samsung A5 markalı” mobil telefonunu oğurlamışdırlar. Oğurladıqları mobil telefonu Bakı şəhəri, 20 Yanvar metrosunun yanında olan maqazinə Müsayib adlı şəxsə 50,00 manata satmışlar. Hal-hazırda Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Törətdiyi əməldən peşman olmasını və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində dostları ilə istrahət etmək məqsədi ilə Sumqayıt şəhəri, Novxanı çimərliyinə getmişdir. Xəzər dənizi ərazisinə daxil olduqdan sonra masanın üzərinə mobil telefonun qoyub çimərliyə daxil olmuşdur. Çimərlikdən çıxdıqdan sonra ona məxsus mobil telefonun masanın üzərində olmadığını gördükdə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hal-hazırda vurulmuş ziyan ödənilmədiyindən şikayətçidir Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları və inzibati xəta haqqında protokol ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İnzibati həbsin əvvəli 29 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 40 (qırx) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 avqust 2023-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərar dərhal icra edilməklə, icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərər şəkmiş şəxsə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar