Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2081/2024 29.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X6, Zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər 43 saylı uşaq bağçasında müəllimə vəzifəsində çalışan, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X2 Nigar Elman qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 28 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X10 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X13 DİN-nin 102 xidmətinə və həmin tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 19:17 radələrində 2018-ci il təvəllüdlü oğlu Şahin Ağazadə 43 saylı uşaq bağçasında olduğu zaman müəllimi olan Şəxs onun oğlunu döymüşdür. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2024-cü il tarixli qərarla rədd edillmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aiddiyyatı üzrə göndərilməsi qərara alınmışdır. Şəxs himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq sonuncu barəsində inzibati cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 10 ildir ki, 43 saylı uşaq bağçasında müəllimə vəzifəsində işləyir. X12 da həmin bağçada təhsil alır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrindən etibarən Şahin bağçada olmuş, sonuncu bağçaya gəldikdə qollarında, kürək nahiyəsində, qıçlarında xəsarətlər var imiş. O, Şahindən hansı şəraitdə xəsarət almasını soruşduqda Şahin balaca qardaşı ilə həyətdə oyun oynayarkən yıxılıb əzildiyini bildirmişdir. Bağçada hər gün saat 13 radələrində uşaqların yatmaq vaxtı olduğu üçün bütün uşaqlar yatağa uzanmış, Şahin isə yatağın üzərində ayaqüstə qalxıb yatağı yelləməyə başlamışdır. O, Şahinin yıxılacağından qorxaraq cəld şəkildə onu qollarından tutub ehmalca yerinə uzatmışdır. Saat 13:10-da onu Arifə müəllimə əvəz etmişdir. O, uşaqları Arifə müəlliməyə təhvil verib getmişdir. Arifə müəllimə saat 17 radələrində Şahini valideyninə təhvil vermişdir. Hər hansı problem də yaşanmamışdır. Növbəti gün Şahinin anası Şahin ilə birlikdə bağçaya gələrək guya onun Şahini döydüyünü bildirmiş, o da Şahinin anasına oğlunu döymədiyini izah etmiş, lakin, sonradan ona Şahinin atasının onun barəsində polisə şikayət etdiyini bildirmişllər. O, Şahini döyməmiş və sonuncuya qarşı zor tətbiq etməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X13 izahatında bildirmişdir ki, 2018-ci il təvəllüdlü oğlu Şahin Ağazadə 3 yaşından etibarən 43 saylı uşaq bağçasında təhsil alır. Hər gün saat 09 radələrindən 17:00-dək bağçada olur. xx.xx.2024cü il tarixdə saat 09:00-da oğlunu arvadı Ülkər Ağayeva həmin bağçaya aparmış, saat 17 radələrində arvadı uşağı bağçadan gedib götürmüşdür. Anası uşağı götürən zaman onun bədəni üzərində xəsarət izləri olduğunu görmüşdür. O, işdən evə gəldikdən sonra oğlu ilə söhbət etdikdə oğlu Şahin Nigar adlı müəllimənin onu dəmir xətkeşlə döydüyünü bildirmişdir. Hazırda oğlunun döyülməsi nəticəsində baş, sol qol, sağ qol və kürək nahiyəsində xəsarətləri vardır. Buna görə də hazırda Şəxs oğlundan şikayətçidir, onun barəsində ağır inzibati təbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslə zərəçəkmiş şəxsin izahatları arasında ziddiyyətli məqamlar çoxdur. Hadisə iştirakçıları tərəfindən məhkəməyə mötəbər sübatlar təqdim olunmamışdır. Göstərilən halları nəzərə alaraq Şəxs əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 bildirmişdir ki, o, 37 ildir ki, 43 saylı uşaq bağçasında müəllimə işləyir. X12 da həmin bağçada təhsil alır. Onunla və ya valideynləri ilə hər hansı ədavət və ya düşmənçiiliyi yoxdur. Şahin digər uşaqlar kimi hər gün saat 09:00-dan 17:00-dək həmin bağçada olur. xx.xx.2024-cü il tarixdə də Şahin bağçada olmuşdur. Saat 13 radələrinədək Nigar müəllimə Şahinin olduğu qrupa nəzarət etmişdir. Saat 13:10-dan etibarən isə uşaqları o, Nigar Lərimovadan təhvil almışdır. Təhvil alarkən uşaqlar ilə bağlı hər hansı problem olmamışdır. Saat 17 radələrində Şahini anasına təhvil vermişdir. Təhvil verərkən də nə Şahin, nə də ki, anası döyülmə hadisəsi ilə bağlı ona heç bir söz deməmiş və hər hansı problem yaşanmamışdır. Növbəti gün Şahinin atasının bağçaya gələrək Nigarın Asifi döyməsi ilə bağlı şikayət etdiyini bilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1147 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı X7 bədəni üzərində - sol bazunun yuxarı 3/1-nin bayır səthinin, sağ kürək nahiyəsinin, alının sol tüklü hissəsinin sıyrıqları xəsarətləri olması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 3-4 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni dəmir xətkeşlə vurulma nəticəsində əmələ gələ bilərdi, öz-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi istisna edilir və həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi döyməsi, zərərçəkmiş şəxsin ifadəsi, fotoşəkillər, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Elektron məhkəmə sistemidnən çıxarışdan görünür ki, Şəxs evli olmaqla himayəsində üç azyaşlı uşağı var (xx.xx.2015, xx.xx.2016 və xx.xx.2021 təvəllüdlü uşaqlar). Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-cy maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı uşağğının olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən məhkəmə inzibati xətanın azyaşlı uşağa qarşı törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində on dörd yaşına çatmayan üç övladının olması səbəbində barəsində inzibati həbs tətbiq edilə bilməyəcəyini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 53, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2081/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2081/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver