Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2082/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, inzibati tənbeh tətbiq etmə barədə qərar X3 barəsində qəbul edilmiş, şikayət də onun adından tərtib edilmiş, lakin şikayəti X2 imzalamışdır (nümayəndəsi olduğunu qeyd etməklə). Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin olması nəzərdə tutulmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmadıqda onun qanuni nümayəndəsi ola bilər. Şəxs tam fəaliyyət qabiliyyətli olduqda isə onun müdafiəçisi ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şahidin, zərərçəkmiş şəxsin, həmçinin hüquqi şəxsin nümayəndəsinin olması nəzərdə tutulmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün müdafiəçi nəzərdə tutulmuşdur. Müdafiəçi qismində isə yalnız vəkilin iştirak edə biləcəyi müəyyən edilmişdir. İndiki halda isə şikayəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nə özü, nə də qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli müdafiəçisi imzalamamışdır. Beləliklə də, hazırkı şikayət hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən şikayət subyektiv hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2082/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2082/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver