Məhkəmə qərarları › İş №3(060)-2083/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2083/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2083/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkil X4 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, avtoyuyucu işləyən, ünvan 1 ünvanda yaşayan, (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokollar tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1987/2024 nömrəli icra sənədinə əsasən qalıq 4449 manat məbləğində borcu üzrsüz səbəbdən ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-2753/2024 nömrəli icra sənədi üzrə borclu Şəxs 500 manat cəriməni qərar qanuni qüvvəyə minəndən 3 ay keçməsinə baxmayaraq ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərtib edilmiş protokolu müdafiə etmiş və bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixli qərarla axtarışla idarəyə gəlmiş və 1000 manat məbləğində ödəniş edəcəyinə söz vermiş, lakin ödəniş etməmişdir. Daha sonra X6 borcun əmək haqqına yönəldilməsini xahiş etmiş, lakin yenə borc məbləği üzrə tam ödəniş edilməmişdir. Hazırda barəsində inzibati qaydada icraat aparılan şəxsin 4449 manat borcu vardır. Daha əvvəl protokola əsasən 500 manat cərimə olunmuş, lakin ondan sonra da ödəniş etməmişdir. Eyni zamanda, Şəxs tərəfindən 500 manat məbləğində cərimə də ödənilməmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixdə icra idarəsi tərəfindən axtarış elan edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs cəmi 548 manat ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən protokolun təmin edilməsini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, icra məmurunun yanında olarkən ayda 300 manat ödəniş edəcəyini bildirmişdir, lakin razılıq əldə edilməmişdir. O, borcunu ödəməkdən boyun qaçırmadığını və nömrəsinin icra məmurunda olduğunu, ona xəbər edilmədiyini bildirmişdir. Polis qapıya gəlib qapını döyüb, lakin evdəkilər yatdığından qapını aça bilməmişdir. Bu barədə qonşu ona məlumat vermiş və o da xəbər tutan kimi icra idarəsinə getmişdir. Maddi çətinliklə bağlı olaraq ödənişi edə bilməmişdir. O, zərərçəkən şəxsə bildirmişdir ki, avtoyuyucu işləyir və günlük 10 manat ödəyə bilər, lakin zərərçəkmiş şəxs ona da razı olmamışdır. Məhkəmədən ona vaxt verilməsini xahiş etmiş və borcundan ayda 300 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkil X7 məhkəmədən borcluya güzəşt edilməsini və həbslə bağlı olmayan cəzanın tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2753/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2753/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2753/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmiş, bildirişin surəti xx.xx.2025-ci il tarixində Şəxs təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1987/2024 nömrəli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 4636,93 ( dörd min altı yüz otuz altı manat doxsan üç qəpik) manat məbləğində pul, ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilən 300 (üç yüz) manat pul tutularaq iddiaçı X5 ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1987/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1987/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmiş, bildirişin surəti xx.xx.2024-cü il tarixində Şəxs tərəfindən alınmışdır. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2753/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları, işin hallarını, borclunun davranışını nəzərə alaraq, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1987/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə olan borclarını üzrsüz səbəbdən ödəməmişdir. Onun İXM-nin 528.1-1-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2753/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bu cərimə borclu tərəfindən ödənilməmişdir. Qeyd edilən qərar qüvvəyə minmiş və 24 dekabr 2024-cü il tarixdə məhkəmə tərəfindən müvafiq icra vərəqəsi verilmişdir. Həmin vaxtdan 25 gün müddətində, yəni xx.xx.2025-ci il tarixədək qərar müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş, nəticədə xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin, həmin vaxtdan indiyədək 04 aylıq məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 529.2-ci maddəsi həmin Məcəllənin idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar adlanan 39-cu fəslində nəzərdə tutulmuşdur və həmin kateqoriya üzrə inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti 04 ay müəyyən edilmişdir. İndiki halda isə uzanan inzibati xətanın aşkara çıxarıldığı xx.xx.2025-ci il tarixdən 04 aydan artıq (daha dəqiq 06 ay 29 gün) müddət keçmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İXM-nin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin qeyd edir ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Vəkil Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar