Məhkəmə qərarları › İş №3(060)-2085/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2085/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2085/2025 16.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7433216 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 oğlu şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7433216 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 oğlu şikayətini onunla əsaslandırmışdır ki, Onun barəsində Sumqayıt ŞPİ-nin X5 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli protokol əsasında İXM-in 327.2 və 327.1 maddələri ilə inzibati məsuliyyət təbdiri tətbiq edilmişdir. Həmin qərardan verdiyi şikayət əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)- 1004/2025 nömrəli qərarı ilə İXM-in 327.2-ci maddəsi üzrə tətbiq olunmuş inzibati tənbeh ləğv edilmiş, iş yalnız İXM-nin 327.1-ci maddəsi üzrə baxılması üçün polis orqanına göndərilmişdir. Məhkəmə bu qərarı qəbul etməklə İXM-nin 327.2-ci maddəsi üzrə məsuliyyətin əsassız olduğunu müəyyən etmişdir. Lakin, Sumqayıt Şəhər DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli yeni inzibati qərarla yenidən eyni hadisə, eyni protokol (№ İXP7023849) və eyni faktlar üzrə İXM-in 327.2-ci maddəsi tətbiq edilmişdir. Məhkəmədən Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati qərarının ləğv edilməsini və məhkəmə qərarının icrasının təmin olunması üçün aidiyyəti üzrə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən X3 oğlu izahatında bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı o, özünün Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilmişdir. Sumqayıt Şəhər Məhkəməsində araşdırma aparılmış və məhkəmə onu İXM-nin 327.2-ci maddəsi ilə təqsirsiz hesab etmişdir. Lakin, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən məhkəmənin qərarı icra edilməmişdir. Məhkəmə texniki imkanları olmadığı üçün qərarı Sumqayıt Şəhər DYPŞ-yə göndərmişdir. O, DYPŞ-yə bu barədə bildirsə də, məhkəmə onu İXM-nin 327.2-ci maddəsi ilə təqsirsiz hesab etsə də, yol polisi şöbəsi onun yenidən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə qərar qəbul etmişdir. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin qərarı üç ay sonra, o polis şöbəsinə müraciət etdikdən sonra icra edilmiş, lakin, yenidən İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7433216 nömrəli qərarın ləğv edilməsini və iş üzrə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Sumqayıt ŞPİ-nin DYPŞnin nümayəndəsi X2 bildirmişdir ki, protokol onun tərəfindən tərtib edilmişdir, protokolda heç bir dəyişiklik olmamışdır. Onun tərəfindən qəbul edilmiş qərarın düzgünlüyünü yuxarı vəzifəli şəxs yoxlamışdır. X3 oğlu xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. O, həm yol nişanının, həm də işıqforun tələbini, yəni İXM-nin 327.1 və 327.2-ci maddələrinin tələblərini pozmuş, düzünə icazə olduğu halda, sola dönmə hərəkəti etmişdir. O, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-1004/2025 nömrəli qərarından apellyasiya şikayəti vermədiyini, həmin qərarı icra edərkən qərarın mətni ilə tanış olmadığını, inzibatçılar tərəfindən ona məlumat verildiyini bildirmişdir. Məhkəmədən qanunauyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ-nin DYPŞ-ninxx.xx.2025-ci il tarixli, TP7433216 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Sumqayıt ŞPİnin DYPŞ-yə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7433216 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X7” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü xx.xx.2025-ci il tarixdə, saat 14:57-də nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikasının İXM-in 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, “X7” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü X3 oğlu xx.xx.2025-ci il tarixdə, saat 14:57-də Sumqayıt şəhəri Sülh küçəsi ilə N.Nərimanov küçələrinin kəsişməsində Azərbaycan Respublikasının İXM-in 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1004/2025 nömrəli, qərarından görünür ki, sürücü T.İsmayılovun hərəkətlərində İXM 327.1-ci maddəsinin tərkib əlamətləri olsa da, 327.2-ci maddəsinin tərkibi müəyyən edilməmiş və bu səbəbdən Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7178595 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək, qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X5 Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 oğlu Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7178595 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “X7” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikasının İXM-in 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan verilmiş şikayətə baxılaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1004/2025 nömrəli qərarı ilə T.İsmayılovun hərəkətlərində İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətlərinin olmaması müəyyən edilmiş, bu səbəbdən Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7178595 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X5 Şöbəsinə göndərilmişdir. Lakin, Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən X3 oğlunun yenidən İXM-nin 327.2-ci və 327.1-ci maddələri ilə təqsirli bilinməsi barədə xx.xx.2025-ci il tarixli, TP7433216 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Göründüyü kimi Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1004/2025 nömrəli qərarı ilə X3 oğlunun hərəkətlərində İXM 327.2-ci maddəsinin tərkib əlamətlərinin olmaması müəyyən edilmiş və Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7178595 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X5 Şöbəsinə göndərilmişdir. Qeyd edilən qərardan Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında X3 oğlunun hərəkətlərində İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlinsə də, Sumqayıt ŞPİ-nin X6 Şöbəsi həmin qərarı icra edərkən qeyd olunan halı nəzərə almamış və X3 oğlunun barəsində yenidən İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X6 Şöbəsi xx.xx.2025-ci il tarixli, TP7433216 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və qərarda göstərilən xüsusatlar araşdırılması ilə əlaqədar iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X6 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7433216 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X6 Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7433216 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Sumqayıt ŞPİnin X6 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar