Məhkəmə qərarları › İş №3(060)-2086/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2086/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2086/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, Zərərçəkmiş şəxs, X1 iştirakı ilə, Abşeron RPİ-nin X10 Şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Abşeron RPİ-nin X10 Şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ona məxsus “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində Saray qəsəbəsi, Heydər Əliyev prospekti ilə hərəkət edən zaman sola dönmə işığını yandıraraq, digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edərək (avtomobilinin sağından avtomobillər hərəkət edirdi) sola dönmək istəyərkən onun arxasınca əks yola çıxıb ötmə əməliyyatını həyata keçirən avtomobil ona məxsus avtomobilin sol ön hissəsini vurmuşdur. Digər şəxsin törətdiyi inzibati xəta səbəbindən qəza olmasına baxmayaraq, Abşeron RPİ-nin X4 günahkar hesab etmiş və barəsində hal-hazırda mübahisələndirdiyi qərarı qəbul etmişdir. Lakin, qəzaya uğradıqları digər avtomobil yüksək surətlə ötmə əməliyyatı etmiş, yolda hərəkət surəti 50 km/saat olmasına baxmayaraq, yüksək surətlə hərəkət etmiş və ara məsafəsi saxlamayaraq onun avtomobilini vurmuşdur. Abşeron RPİnin X10 Şöbəsinə iş üzrə ekspertiza təyin edilməsini tələb etsə də, nə video-görüntülərə baxılmış, nə də ona hər hansı sübut təqdim edilməmişdir. Ona görə işin yenidən araşdırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun hərəkət etdiyi yolda hər iki istiqamətə hərəkət nəzərdə tutulmuş, hər bir hərəkət istiqamətində isə iki hərəkət zolağı olmuşdur. O, öz hərəkət istiqamətində sola dönmək üçün sol zolaqla hərəkət etmiş, həmin vaxt onunla eyni zolaqda arxada bir neçə avtomobil olmuş, eyni zamanda onunla eyni istiqamətdə sağ zolaqda da hərəkətdə olan avtomobillər olmuşdur. O, sola dönmək üçün tam dayanmış, qarşıdan avtomobillərin gəlmədiyinə əmin olmuş, həmçinin arxadan ötmə əməliyyatı etməyən avtomobilin də olmamasını müəyyən etdikdən sonra dönmə əməliyyatına başlamışdır. Dönməyə başlayıb bir qədər qarşı hərəkət istiqamətinə çıxdıqda anidən arxandan sürətlə ötmə əməliyyatına başlayan avtomobil sağ ön hissəsi ilə onun avtomobilinin sol ön hissəsini vurmuşdur. O, dönməyə başlayan zaman digər avtomobil ötmə zolağına daxil olmamışdır. O, dönmə işıqlarını yandırıb qarşı hərəkət istiqamətinə çıxdığı üçün digər avtomobil artıq ötmə zolağında daxil olmamalı və onun sağından hərəkətini davam etdirməli idi. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Abşeron RPİ-nin X10 Şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X5 bildirmişdir ki, hadisə ilə bağlı hər iki sürücünün izahatını almış, yol-nəqliyyat hadisəsinin sxemini çəkmiş, həmçinin hadisədən sonra ərazidə çəkilmiş video görüntülərə baxlmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Mercedes Benz” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatını icra etdiyi yerdə ötmə qadağan deyil və həmin avtomobilin sürücüsü yol hərəkət qaydalarına müvafiq qaydada ömtə əməliyyatı edərkən “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özündən arxada sol tərəfdən ötmə əməliyyatını icra edən avtomobilin olmasını dəqiqləşdirmədən sola manevr etmiş nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Saray qəsəbəsi, H.Əliyev küçəsində hər iki istiqamətə hərəkət nəzərdə tutulmuş, hər bir hərəkət istiqamətində isə iki hərəkət zolağı olmuşdur. “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət istiqamətində sol zolaqda hərəkət edərək sola manevr edib qarşı hərəkət istiqamətiinə çıxarkən toqquşma qarşı yolun hərəkət istiqamətində arxadan ötmə əməliyyatını icra edən avtomobillə olmuşdur. Yolda hərəkət sürəti 50 və ya 60 km/saat müəyyən edilmişdir. “Mercedes Benz” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin müəyyən edilməsi zəruri olmamışdır. Çünki, yol-hərəkət qaydalarını “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü pozaraq yolnəqliyyat hadisəsinə səbəb olmuşdur. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, “Mercedes Benz” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun qarşısında bir neçə avtomobil olmuş, o ötmə qadağan olmayan yerdə qarşı hərəkət istiqamətinə çıxaraq ötmə əməliyyatı icra edərkən anidən bir neçə metr qalmış qarşında bir avtomobilin sola dönməsini görmüş, həmin vaxt məsafə qısa olduğu üçün hadisənin qarşısını ala bilməmiş və toqquşma olmuşdur. Ötmə əməliyyatını icra edərkən onun sürəti təxmini 70-80 km/saat olmuşdur. “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hərəkət zolağına çıxaraq sola dönmə manevri etməsinə başladığı vaxtın onun ötmə əməliyyatına başladıqdan öncə və ya sonradan olmasını dəqiq deyə bilməz. O, ötmə zolağına daxil olub təxmini 2-3 avtomobil keçdikdən sonra toqquşma olmuşdur. Hadisədə təqsirli kimin olmasını deyə bilməz. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron RPİ-nin X10 Şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Abşeron RPİ-nin X10 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin X10 Şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil eyni hərəkət istiqamətində, yəni əks istiqamətli hərəkət zolağına çıxmadan eyni istiqamətdə sağ hərəkət zolağından sol hərəkət zolağına manevr edərkən sol hərəkət zolağında hərəkətdə olan “Mercedes Benz” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş video görüntülərinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntülər yol-nəqliyyat hadisəsindən sonra avtomobillər yolda olarkən çəkilmişdir. Video görütülərə əsasən yol-nəqliyyat hadisəsinin əks hərəkət istiqamətində baş verməsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş digər video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video görüntülər “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil sola manevr edərək dönmək istədiyi küçədə olan müşahidə kamerası ilə qeydə alınmışdır. Video görütülərdə “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə əməliyyatı icra edərkən “Mercedes Benz” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxadan sürətlə hərəkət edərək həmin avtomobillə toqquşması müşahidə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda və yol-nəqliyyat hadisəsinin sxemində “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması göstərilsə də, məhkəmə iclasında tərəflərin izahatları və video görüntülərə əsasən həmin nəqliyyat vasitəsinin sola dönmək məqsədi ilə əks istiqamətli hərəkət yoluna çıxması və bundan sonra yol-nəqliyyat hadisəsinin baş verməsi öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, Abşeron RPİ-nin X10 Şöbəsində aparılan araşdırma zamanı hansı avtomobilin daha öncə qarşı hərəkət istiqamətində olan yola daxil olması mötəbər və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 izahatında sola dönmək üçün onun daha öncə qarşı hərəkət istiqamətində olan yola daxil olduğunu bildirmiş, digər avtomobilin, yəni “Mercedes Benz” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə izahatında ötmə zolağına daxil olarkən “Mercedes Benz 190E” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə üçün qarşı hərəkət zolağına çıxıb-çıxmamasını dəqiq bilmədiyini, yalnız son anda həmin avtomobili gördüyünü bildirmişdir. Bundan əlavə Abşeron RPİ-nin X10 Şöbəsində aparılan araşdırma zamanı sola manevr edib dönmə əməliyyatı icra edən avtomobilin qarşı hərəkət zolağında hansı məsafəni qət etməsi, ötmə əməliyyatını icra edən avtomobilin toqquşma yerinə hansı məsafədən qarşı hərəkət zolağında daxil olması və yol-nəqliyyat hadisəsindən öncə avtomobillərin sürətləri müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən halları dəqiq müəyyən edildiyi və işin faktiki halları üzrə müvafiq yol-nəqliyyat hadisəsi ekpertizası təyin edildiyi halda hansı avtomobilin sürücüsünün daha öncədən qarşı hərəkət istiqamətinə çıxması, artıq digər avtomoblilin sürücüsünün müvafiq manevr etməməli olması və etdiyi manevrlə yol hərəkət qaydalarını pozması qənaətinə gəlinməsi mümkündür. Nəzərə almaq lazımdır ki, yuxarıdakı abzasda göstərilən işin faktiki halları, yəni avtomobillərin manevr etmədən öncəki məsafələri, onların sürətləri dəqiq müəyyən edildiyi halda yol-nəqliyyat hadisəsi ekpertizası təyin edilməklə hansı avtomobilin sürücüsünün daha öncədən qarşı hərəkət istiqamətinə çıxması dəqiqləşdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən hallarının müəyyən edilməməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması kimi kimi qiymətləndirilməli, bu səbəbdən Abşeron RPİ-nin X10 Şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Abşeron RPİ-nin X10 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Abşeron RPİ-nin X10 Şöbəsinin yol nəqliyyat hadisələri üzrə inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Abşeron RPİ-nin X10 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar