Məhkəmə qərarları › İş №3(060)-2088/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2088/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2088/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə, Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fəhlə işləyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində kirayədə yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1 Ramil Oktay oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X4 izahatında bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Elşən Quliyevin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar əsasında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri, 1 mikrorayon ev 8/27 mənzil 41-də həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək bədən xəsarətləri yetirmişdir. Şəxs tərəfindən mütəmadi olaraq belə əməllərin törədilməsini nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, inzibati xətanın törədilməsində özünü təqsirli bilir və peşmandır. Evə sərxoş halda gəldiyi üçün hadisəni xatırlamır. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, Şəxs içkili halda evə gələrək ona qarşı təhqiredici ifadələr işlədərək onu döymüşdür. Bu kimi hadisələrin hər gün baş verdiyini və onun həmişə içkili olduğunu bildirmişdir. Hətta işlədiyi “Karvan” Ticarət Mərkəzinə gələrək ona qarşı insanların içində təhqiredici ifadələr işlətmişdir. Daha əvvəl də ona xəsarət yetirdiyi üçün barəsində cinayət işi açılmış və ona ictimai işlər növündə cəza təyin edilmişdir. Özünü öldürmə həddinə çatdığını və evdə azyaşlı uşağı olduğunu və olanların uşağın psixologiyasına çox pis təsir etdiyini bildirmişdir. Hazırda Şəxs şikayətçidir, sonuncu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmanlığını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri, 1 mikrorayon, ev 8/27, mənzil 41-də həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikasının İXM-nin 157-ci madəsinə əsasən inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-yə göndərilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2025-ci il tarixli, 1125 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ bazunun orta 1/3-nin arxa səthinin, üst dodağının orta hissəsinin selikli qişasının qançırları, sağ saidin orta 1/3-nin arxa səthinin, sağ saidin orta 1/3-nin ön səthinin 3 ədəd, döş qəfəsinin ön sağ hissəsinin 6 (altı) ədəd sıyrıqları, sol sağrının yuxarı bayır və iç kvadrantının qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 14:10-da azad edilmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsi döyməsi, özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsin əvvəli 17 avqust 2024-cü il tarixdən saat 15:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyinə görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 avqust 2025-ci il tarixdən saat 15:30dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar