Məhkəmə qərarları › İş №3(060)-2089/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2089/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2089/2023 30.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru – X2, Tələbkar - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Naxçıvan MR., Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən 30 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3184/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkar Zərərçəkmiş şəxs 13220 manat aliment borcu vardır. Borclu üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3184/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 14 may 2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 420 manat aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Lakin borclu üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Halhazırda borclunun icra sənədi üzrə 13220 manat aliment borcu vardır. Borclu bir dəfə inzibati məsuliyyətə cəlb edilərək 8 gün inzibati qaydada həbs edilmişdir. Sonra yenidən barəsində axtarış elan edilmiş, bu gün polis tərəfindən gətirilmişdir. Borclu iyun ayında ödəniş qəbzləri təqdim etmiş, həmin qəbzlərdən görünür ki, borclu 150 manat artıq ödəniş etmişdir. Ödəniş tələbkarın Leobank hesabına edilmişdir. Lakin tələbkar bildirir ki, kart onda olmamış, uşaq tərəfindən götürülmüşdür. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, ayrıldıqdan sonra bir müddət barışıb birlikdə yaşamışlar. Həmin vaxt etdiyi ödənişləri saymamışlar. Əvvəllər də ödəniş etmiş, lakin sübut edə bilmədiyindən həmin pulu da saymamışlar. Hazırda da ödəmiş, sübutu təqdim etmişdir. Lakin tələbkar danır. Pulu tələbkarın təqdim etdiyi hesaba bir ay ara ilə hissə-hissə ödəmişdir. Təqdim etdiyi qəbzlərdə gün ərzində bir neçə dəqiqə və ya saat fərqi ilə hissə-hissə ödəniş etməsi ilə bağlı bildirir ki, bu onun öz seçimidir və borcu tam şəkildə deyil, bu qaydada ödəmək istəmişdir. O, ödənişi etmişdir, pulun hansı saatda çıxarılmasının ona aidiyyatı yoxdur. Həmçinin bildirdi ki, yük avtomobili sürücüsüdür, ölkədən kənara yük aparır, lakin hazırda ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmədən nəzərə alınmasını və işə xitam verilməsini xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, pulların borclu tərəfindən çıxarılması sübut olunmur və borc tam şəkildə tələbkarın hesabına ödənilmişdir. Odur ki, inzibati protokol natamam şəkildə tərtib edildiyindən geri qaytarılmasını xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, may ayının əvvəlində icra məmurunun çağırışı ilə icra şöbəsinə getmişdir. Orada ərizə yazıb getmişdir. Daha sonra avqust ayında onu yenidən icra məmuru çağırmış, ona qəbzlər təqdim etmişdir. O isə bildirmişdir ki, ona pul gəlməmişdir. O, həmin kartı oğlu Kənana vermişdir. Hətta həmin kartı atasına verməməsini də tapşırmışdır. Daha sonra oğlu bildirmişdir ki, atası kartı ondan alıb ki, yük avtomobili sürücülərinə pul göndərməlidir, oğlu da kartı atasına vermişdir. O, kartı qış aylarında oğluna vermiş, avqust ayında kartı bağlatdırmışdır. O, kartdan heç bir pul çıxarmamışdır, nə də ki görməmişdir. Uşaqların üçü də onun himayəsindədir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X9 bildirdi ki, atası ona zəng edərək ondan kartı istəmişdir ki, yük avtomobili sürücüləri ilə işləyir və onlara pul göndərməlidir. Kartı aldıqdan sonra qaytaracağını bildirmişdir. O, ilk əvvəl razı olmasa da sonradan kartı atasına vermişdir. Atası yay aylarında üç dəfə kartı ondan götürmüş, hər dəfə götürdükdən sonra axşam qaytarmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə aliment borcunu ödəməmiş, təqdim etdiyi qəbzlərlə yalnız borcun ödənilməsi kimi görünüş yaratmağa, icra məmuru və məhkəməni aldatmağa cəhd etməklə Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırmağa çalışmışdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3184/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 14 may 2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 420 manat aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X1 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatı aşkarlanmamışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Zərərçəkmiş şəxs hesabına müxtəlif vaxtlarda müxtəlif ödənişlər edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Leobank hesabından çıxarışdan görünür ki, kart hesabına edilmiş mədaxil və məxaric eyni ərazi hüdudlarında bir neçə dəqiqə aralıqla həyata keçirilmişdir. Belə ki, ödəniş qəbzinə və hesabdan çıxarışa nəzər yetirdikdə görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:27:00 və 12:27:41 dəqiqədə Abşeron rayon, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi adlanan ərazidə yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs Leobank hesabına 300 və 350 manat pul köçürülmüş, məhz xx.xx.2023-cü il tarixdə saat 12:34:24 və 12:35:04 dəqiqədə Xırdalan şəhərində yerləşən “Xırdalan Branch” ATM-dən həmin pullar 502,50 manat və 150.75 manat olmaqla hissəhissə çıxarılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 11:19:45 və 11:21:36 dəqiqədə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, “Maşa və Medved” adlı mağazasında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs Leobank hesabına 100 və 550 manat pul köçürülmüş, xx.xx.2023-cü il tarixdə saat 11:22:49 və 11:23:37 dəqiqədə Sumqayıt şəhərində yerləşən “Sumqayıt Branch 3” ATM-dən həmin pullar 500 və 150 manat olmaqla hissə-hissə çıxarılmışdır və s. Qeyd olunanlar sübut edir ki, borclunun aliment borcunu eyni tarixdə hissə-hissə tələbkarın kart hesabına ödəməsi barədə ifadəsi özünü müdafiə xarakteri daşımaqla məhkəmə araşdırması zamanı tam təkzib olunmuş, borclunun icra sənədinin icrasından bu üsulla yayınması faktı təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, başqa vasitələrlə aliment ödənişindən yayınmağa çalışmışdır ki, bu da onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq ödəniş etmədiyini və ödəniş etməkdən müxtəlif üsullarla yayınmasını, icra sənədinə əsasən borcunun yaranmasını, icra sənədini icra etməkdən boyun qaçırmasını, barəsində axtarış elan olunmaqla polis vasitəsi ilə gətirilməsini, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar