Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2090/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında işin baxılmağa hazırlanması mərhələsində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolundan görünür ki, borclu Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-22/2022 nömrəli icra sənədinə əsasən Şəxs ödəməli olduğu ümumilikdə 21549 manat məbləğində pul vəsaitini üzrsüz səbəbdən X4 ödəməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 izahatında bildirmişdir ki, borclu Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(119)-22/2022 nömrəli, icra sənədinə əsasən ümumilikdə 21549 manat məbləği üzrsüz səbəbdən X4 ödəmədiyi üçün barəsindəxx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2025-ci il tarixdə borclu Şəxs təqdim edilmişdir. Borclu 11 iyundan etibarən icra sənədi üzrə 254 manat, 300 manat və 300 manat olmaqla ödənişlər etmişdir. O, icra idarəsinə dəvət edilmiş və ödənişi hissə-hissə icra edə biləcəyini bildirmişdir. Lakin, tələbkar borc məbləğinin tam şəkildə ödənilməsini tələb etmişdir. Həmçinin, borclunun adına mənzillər və qeyri-yaşayış sahəsi olduğunu, həmin əmlaklara borcun yönəldilməsi üçün məcburi icra tədbiri icra edilmədiyini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verildiyini, lakin, sorğuya cavab gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkar onun doğma bibisi oğludur. Ona xx.xx.2025-ci il tarixdə tələbin könüllü icra edilməsi barədə bildiriş təqdim edilmiş və həmin gündən etibarən xx.xx.2025-ci il tarixdə 254 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə isə 300 manat ödəniş etmişdir. O, borc məbləğini tam ödəməyə imkanı olmadığını, adına yaşayış və qeyri-yaşayış sahəsi olduğunu və satıcı işləyərək aylıq 400 manat əmək haqqı aldığını və aldığı əmək haqqının böyük hissəsini borca ödədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, o, borc məbləğinin tam ödənilməsini tələb edir. Özü yaşlı və xəstədir, pul ilə müalicə almalıdır. Borclu Şəxs adına bir neçə mənzil və qeyri-yaşayış sahəsi mövcuddur. Həmin əmlakı satıb onun borcunu ödəyə bilər, lakin, borclu borcun tam ödənilməsi ilə bağlı heç bir tədbir görmür. Məhkəmədən borcun tam ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, borclu Şəxs hər ay maaşının böyük hissəsini borca ödəyir və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən qərəz və üzrsüz səbəbdən ödəməmə kimi hal yoxdur. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsaslanaraq qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2326366 nömrəli protokol təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokola icra sənədi, icraata başlamaq haqqında qərar, borcluya göndərilmiş bildiriş və izahat əlavə edilmişdir. Borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş təqdim edilməklə və izahat alınmaqla kifayətlənilmiş, digər icra tədbirlərinin görülməsi ilə bağlı (mülkiyyətində əmlakın olması, əmək haqqı, pensiya, təqaüd, və sair) araşdırma aparılması haqqında sənədlər materiallara əlavə edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs mülkiyyətində üç ədəd mənzil və bir ədəd qeyriyaşayış sahəsi növündə daşınmaz əmlak mövcuddur. Onun mülkiyyətində daşınmaz əmlakın olması məhkəmə iclasında protokol tərtib edən şəxs X6 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən də təsdiq edilmişdir. Göstərilən hal ilə əlaqədar məhkəmə qeyd edir ki, barəsində icraat aparılan şəxsin mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələri olmasına baxmayaraq, qeyd edilən xüsusat araşdırılmamış və məcburi icra tədbirləri tam həyata keçirilmədən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Məhkəmə baxışında baxılma müddətinin dərhal olması qeyd edilən natamamlıqların aradan qaldırılmasına imkan vermir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2090/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2090/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver